Baş xəbərİqtisadiyyat

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

İqtisadçı deputat Vüqar Bayramov gələn il minimum əməkhaqqının artırılması və bunun digər əməkhaqlarına təsiri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Bugun.Tv xəbər verir ki, Vüqar Bayramov Facebook səhifəsində etdiyi paylaşımda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstəriş verildiyini açıqladığını xatırladıb.

Deputat qeyd edib ki, minimum əməkhaqqındakı artım yalnız aşağı maaş alanlara deyil, həm də Vahid Tarif Cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarına təsir göstərəcək.

O bildirib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif vəzifə maaşları da Prezidentin müvafiq sərəncamına uyğunlaşdırılaraq artırılacaq. Vüqar Bayramovun sözlərinə görə, bu sektorlarda çalışanların maaş məbləğinin hazırda nə qədər olmasından asılı olmayaraq artım tətbiq ediləcək.

Hansı sahələrdə maaşlar artacaq?

Deputatın sözlərinə görə, minimum əməkhaqqının artırılmasından sonra sosial müdafiə, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan, dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqlarında artım olacaq.

O vurğulayıb ki, Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Dövlət büdcəsindən maliyyələşdirilən və dövlət qulluqçusu statusu olmayan əməkdaşların əməkhaqları bu cədvəl əsasında tənzimlənir.

Vüqar Bayramov bildirib ki, hazırda Vahid Tarif Cədvəli üzrə aylıq tarif maaşları 400 manatdan 1150 manatadək dəyişir. Birinci pillə üzrə əməkhaqqı 400 manat, ən yüksək dərəcə üzrə isə 1150 manat təşkil edir.

Deputatın fikrincə, minimum əməkhaqqının artırılması praktik olaraq bütün dərəcələr üzrə maaşların yüksəlməsinə səbəb olacaq. Bu baxımdan əməkhaqqının hazırda minimum səviyyədən aşağı və ya yuxarı olması xüsusi əhəmiyyət daşımır.

Müəllim və həkimlərin maaşları necə dəyişəcək?

Vüqar Bayramov müəllim və həkimlərin əməkhaqları məsələsinə də aydınlıq gətirib.

O qeyd edib ki, hazırda Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə əməkhaqları Vahid Tarif Cədvəli ilə tənzimləndiyi üçün burada da maaş artımları olacaq.

Deputat bildirib ki, Elm və Təhsil Nazirliyi ilə TƏBİB-in ayrıca, keyfiyyət meyarlarına əsaslanan əməkhaqqı sxemləri mövcuddur. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyi üçün dərəcələr arasındakı fərqlər nəzərə alınmaqla müəyyən işçilərin əməkhaqlarının da artması istisna edilmir.

Deputatın sözlərinə görə, minimum əməkhaqqı artırıldıqdan sonra Vahid Tarif Cədvəli üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: İran Azərbaycana nümayiş etdirdiyi davranışın cavabını almalıdır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Türk Birliyinin hərbi müstəvidə təşkilatlanması mərhələsinə start verildi

Aynur Camal

Dünyada Müəllimlər Günü qeyd olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu