Bugun.tv -yə daxil olan məlumata görə, Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında etdiyi çıxışını şərh edib.
Deputat qeyd edib ki, dövlət başçısının çıxışı bir neçə mühüm mesaj üzərində qurulub. Paylaşımda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara diqqət çəkilib. Bildirilib ki, indiyədək Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb, 12 min ton neft məhsulu ixrac olunub.
Vüqar Bayramov vurğulayıb ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən yükdaşımaların artmasına, eyni zamanda region ölkələrinin iqtisadi baxımdan daha çox fayda əldə etməsinə imkan yaradacaq. Onun sözlərinə görə, bu, regionda yeni ticarət münasibətlərinin başlanması deməkdir.
Deputat paylaşımında Prezident İlham Əliyevin çıxışında Avropa Parlamentinin də sərt tənqid olunduğunu qeyd edib. Vüqar Bayramov bildirib ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə qərəzli və təxribat xarakterli fəaliyyəti artıq sistemli xarakter alıb və bu cür yanaşmalara son qoyulmalıdır.
O əlavə edib ki, bütün təzyiq və təxribatlara baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi müstəqil, prinsipial və qətiyyətli siyasət davam edir. Deputatın fikrincə, bu siyasət ölkənin daha böyük uğurlar qazanmasına zəmin yaradacaq.
