Rusiya Prezidenti Vladimir Putin 1915-ci il hadisələrinə dair açıqlamasında “erməni xalqına qarşı soyqırım” ifadəsini işlədib.
Məlumat Kremlin rəsmi internet saytında yayımlanan mesajda yer alıb.

Putin bildirib ki, belə faciələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət birgə fəaliyyət göstərməlidir. Rusiya lideri qeyd edib ki, baş verən hadisələr dini düşmənçilik, ifrat millətçilik və ksenofobiyanın hansı ağır nəticələrə gətirib çıxara biləcəyini göstərir. O, həmçinin vurğulayıb ki, bu hadisələr bir çox nəsillər üçün dərin iz buraxıb və erməni xalqı üçün “sağalmayan yara” olaraq qalır.
Putin əlavə edib ki, Rusiyanın bu məsələdə mövqeyi tarix boyu dəyişməz qalıb.
Mesajda 1915-ci ilin may ayında Rusiya, Böyük Britaniya və Fransanın birgə bəyanatına da istinad edilib və həmin sənəddə ermənilərə qarşı zorakılığın “insanlığa qarşı cinayət” kimi qiymətləndirildiyi xatırladılıb.
Bundan başqa, 1995-ci ildə Rusiya Dövlət Dumasının qəbul etdiyi qərara da diqqət çəkilib. Putin sonda erməni xalqına rifah və sülh arzuladığını bildirib.
Mənbə: EnSonHaber
