Qərb mediasında Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığından sonra diqqətçəkən açıqlama yayılıb. AntiDiplomatico nəşri yazır ki, iki lider söhbət zamanı həm Ukrayna Prezidenti Vladimir Zelenskiyə, həm də beynəlxalq ictimaiyyətə aydın mesaj veriblər.
Məqalədə qeyd olunur ki, hər iki lider Zelenskinin mövqeyini tənqid edərək onu münaqişəni uzatmaqda ittiham edib. Eyni zamanda bildirilir ki, Rusiya tərəfinin 9 May – Qələbə Günü ilə bağlı atəşkəs təklifi Moskvanın münaqişənin nizamlanmasına açıq olduğunu göstərən addımlardan biri kimi qiymətləndirilir. Tramp isə bu təşəbbüsü alqışlayaraq onun nasizm üzərində qələbənin simvolik əhəmiyyətini vurğuladığını bildirib.
Nəşr yazır ki, tərəflər həmçinin iqtisadi əməkdaşlığın vacibliyini qeyd ediblər. Bu isə gərginliyə baxmayaraq, iki ölkə arasında dialoqun davam etdiyini və yaxın aylarda qlobal güc balansı üçün mühüm rol oynaya biləcəyini göstərir.
Məlumata görə, sözügedən telefon danışığı Moskvanın təşəbbüsü ilə baş tutub və bir saat yarımdan çox davam edib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin amerikalı həmkarına Qələbə Günü münasibətilə atəşkəs elan etməyə hazır olduqlarını çatdırıb. Onun sözlərinə görə, liderlər həmçinin Avropa tərəfindən dəstəklənən Kiyev rəhbərliyinin münaqişəni uzatmağa çalışdığı qənaətində razılaşıblar.
Bundan əvvəl Donald Tramp Ukrayna ilə bağlı danışıqlarda Zelenskinin kompromisə getmək istəməməsindən təəccübləndiyini bildirmişdi. ABŞ Prezidenti qeyd edib ki, Ukrayna lideri ilə işləmək Rusiya Prezidenti ilə müqayisədə daha çətindir.
Mənbə: mail.ru
