Sosial

Qazaxda əlilliyi olan uşaqlar və ailələri üçün tibbi-humanitar aksiya keçirildi

Bugun.TV-yə daxil olan məlumata görə, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllü sağlamlıq işçilərinin iştirakı ilə Qazax rayonunda tibbi-humanitar aksiya keçirilib.

Aksiya 8 avqust 2026-cı il tarixində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Sosial Reabilitasiya Mərkəzində təşkil olunub. Tədbir əlilliyi olan uşaqları, onların valideynlərini və ailə üzvlərini, həmçinin əlilliyi olan qadın və qızları əhatə edib.

Tədbirdə çıxış edən “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya imkanlarının genişləndirilməsinin, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsinin və aztəminatlı ailələrin uşaqlarına sosial xidmətlərin göstərilməsinin əhəmiyyətindən danışıb.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq proqramı”nın mütəxəssisi Mətanət Qaraxanova isə tibbi-humanitar aksiyanın məqsədləri barədə məlumat verib. O, əlilliyi olan uşaqların və onların valideynlərinin sağlamlığının qorunmasında tibb işçilərinin və könüllü sağlamlıq işçilərinin rolunu vurğulayıb.

Tədbirdə ƏƏSM yanında ictimai şuranın üzvü İradə Rizazadə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsinin sədri və könüllüləri də iştirak ediblər.

104 nəfər tibbi müayinədən keçirilib

Aksiyanın ikinci hissəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 9 könüllü sağlamlıq işçisi tərəfindən ümumilikdə 104 nəfər – əlilliyi olan uşaqlar, onların bacı-qardaşları və valideynləri tibbi müayinədən keçirilib.

Müayinələrlə yanaşı, valideynlərlə fərdi söhbətlər aparılıb, onların müraciət və sualları dinlənilib, sağlamlıqla bağlı müvafiq tövsiyələr verilib. Həmçinin valideynlərlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) PHQ-9 sağlamlıq sorğusu keçirilib.

Aksiya çərçivəsində ailələrə “Hugges” və “Friso” şirkətlərinin uşaq və qadınlar üçün nəzərdə tutulmuş gigiyenik məhsullardan ibarət hədiyyələri də təqdim olunub.

Tibbi-humanitar aksiyanın əlilliyi olan uşaqların və onların ailələrinin sağlamlığının qorunmasına, tibbi maarifləndirmənin artırılmasına və ailələrin ehtiyaclarının müəyyənləşdirilməsinə xidmət etdiyi bildirilib.

Məlumata görə, tədbirin keçirilməsi ilə bağlı əvvəlcədən PR Aparatının rəhbərliyinə və Qazax Rayon İcra Hakimiyyətinə məlumat verilib. Təşkilatçılar göstərilən diqqət və təşkilati dəstəyə görə aidiyyəti qurumlara təşəkkürlərini bildiriblər.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanda ilk dəfə “Müyəssərlik Xəritəsi” yaradıldı

Aynur Camal

“LİON CENTRE” MMC rəhbəri DGK-nın cavab məktubunun hüquq prinsiplərinə zidd olduğunu iddia edir

Aynur Camal

Həkimlər avqustda bu 4 meyvəni yeməyi məsləhət görür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu