Rusiya NATO sərhədlərinə yaxın Arktika sularında geniş əraziləri müvəqqəti olaraq bağlayaraq həmin zonaları “raket təsir zonaları” kimi müəyyənləşdirib.
Rəsmi xəbərdarlıqlara əsasən, Barens dənizinin böyük hissəsində həm gəmilərə, həm də təyyarələrə bu ərazilərdən uzaq durmaq tövsiyə olunub. Məhdudiyyətlər Norveçin şimalına yaxın bölgələri də əhatə edir və 30 aprelədək qüvvədə olacaq.
Kosmik buraxılışla əlaqələndirilir
Mütəxəssislərin fikrincə, “raket təsir zonası” ifadəsi hərbi hücum deyil, planlaşdırılan kosmik buraxılışlarla bağlı təhlükəsizlik tədbirlərinə işarə edir. Rusiyanın terminologiyasında bu ifadə raketin uçuş zamanı ayrılan hissələrinin düşə biləcəyi əraziləri təsvir edir.
Bildirilir ki, xəbərdarlıq aprelin 23-də Plesetsk kosmodromundan həyata keçirilməsi planlaşdırılan “Soyuz-2-1b” raket buraxılışı ilə əlaqəli ola bilər. Uçuş zamanı raketin bəzi böyük hissələri ayrılaraq əvvəlcədən müəyyən olunmuş ərazilərə – bu halda Barens dənizinə düşə bilər.
Dəniz və hava təhlükəsizliyi xəbərdarlığı
Rusiya tərəfindən verilən bildirişlər həm dəniz, həm də aviasiya təhlükəsizliyi sistemləri vasitəsilə yayılıb. Bu müddət ərzində bölgədən keçən bütün nəqliyyat vasitələrinə ehtiyatlı olmaq və müəyyən olunmuş zonalardan uzaq durmaq tövsiyə edilib.
Peyk layihəsi ilə bağlı planlar
Məlumata görə, sözügedən buraxılış Rusiyanın aşağı orbitli internet şəbəkəsi yaratmaq planının bir hissəsidir. “Rassvet” adlı genişzolaqlı peyklərin orbitə çıxarılması ilə ölkənin qlobal peyk interneti sahəsində rəqabət qabiliyyətini artırmaq niyyətində olduğu bildirilir.
Ekspertlər qeyd edirlər ki, bu addım texniki baxımdan planlı kosmik fəaliyyət olsa da, NATO sərhədlərinə yaxın ərazilərdə həyata keçirilməsi regionda diqqətlə izlənilir.
Mənbə: Dailymail
