Bugun.tv xəbər verir ki, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Svetlana Jurova Prezident İlham Əliyevin Bakıda Rusiya və Almaniya nümayəndələrinin mümkün görüşü ilə bağlı açıqlamasını şərh edib.
Jurova Lenta.ru-ya bildirib ki, əgər belə bir görüş həqiqətən keçirilibsə, onun əsas məqsədi danışıqlar prosesinin irəliləməsinə töhfə vermək olub.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin bu məsələ ilə bağlı açıqlaması daha çox Qərb auditoriyasına ünvanlanmış ola bilər. O hesab edir ki, Azərbaycan Prezidenti bununla bəzi Qərb dairələrinin Bakı ilə bağlı mümkün tənqidlərinin qarşısını almağa çalışıb.
Svetlana Jurova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da müxtəlif vaxtlarda Rusiya və Ukrayna arasında danışıqlar üçün öz ölkəsinin vasitəçilik etməyə hazır olduğunu açıq şəkildə bəyan etdiyini xatırladıb.
Xatırladaq ki, Prezident İlham Əliyev Almaniyaya rəsmi səfəri zamanı Berlində keçirdiyi mətbuat konfransında iyulun 12-də Bakıda Rusiya və Almaniya nümayəndələrinin görüş keçirdiyini təsdiqləmişdi. Dövlət başçısı bildirmişdi ki, Azərbaycan tərəfi bu görüş barədə əvvəlcədən məlumatlandırılmayıb və bu barədə sonradan mətbuat vasitəsilə məlumat əldə edib.
Daha sonra Almaniya kansleri Fridrix Merts də Bakıda Rusiya və Almaniya nümayəndələri arasında qeyri-rəsmi görüş keçirilməsi barədə məlumatlı olmadığını açıqlayıb.
Mənbə: Lenta.ru

