Bugun.tv xəbər verir ki, amerikalı kardioloq Nina Redford ürək sağlamlığı üçün ən faydalı balığın qızılbalıq (losos) olduğunu bildirib. Onun sözlərinə görə, bu balıq omeqa-3 doymamış yağ turşuları ilə zəngindir və ürək-damar sisteminin qorunmasına mühüm töhfə verir.
Həkim izah edib ki, omeqa-3 yağ turşuları orqanizmdə iltihabın azalmasına kömək edir, qan laxtalarının yaranma riskini azaldır və qan damarlarının sağlamlığını yaxşılaşdırır.
Nina Redford qeyd edib ki, qızılbalıqda donuz və mal əti ilə müqayisədə doymuş yağların miqdarı daha azdır. Mütəxəssisin sözlərinə görə, doymuş yağların həddindən artıq qəbulu ürək-damar xəstəliklərinin yaranma riskini artırır.
Kardioloq həftədə ən azı iki dəfə, təxminən 100 qram qızılbalıq yeməyi tövsiyə edib. O, balığın qızardılmadan hazırlanmasının daha faydalı olduğunu vurğulayıb.
Həkimin sözlərinə görə, qızılbalığın müntəzəm istehlakı infarkt, insult, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin riskini azaltmağa kömək edə bilər.
Mənbə: mail.ru

