Bugun.tv xəbər verir ki, Rusiyanın Kiyev və ətrafına intensiv dron hücumları artıq beşinci gündür davam edir. Reuters-in 31 avqust tarixli məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın cəmi dörd gün ərzində Ukraynaya təxminən 1 500 dron buraxdığını bildirib. Onların yarıdan çoxunun reaktiv mühərrikli dronlar olduğu qeyd edilir.
Hücumlar Kiyevdə gündəlik həyatı ciddi şəkildə pozub. Davamlı hava hücumu siqnalları səbəbindən ictimai nəqliyyatın, o cümlədən metro xidmətlərinin işində fasilələr yaranıb.
Reuters yazır ki, bazar ertəsi həyata keçirilən hücumlar nəticəsində dörd nəfər yaralanıb. Kiyev vilayətində yaşayış binası, anbarlar və ticarət obyektləri zərər görüb. Ötən həftənin cümə günü isə Kiyev yaxınlığındakı sursat anbarına endirilən zərbə nəticəsində 38 nəfər həlak olub.
Zelenski Rusiyanın bu hücumlarla Ukraynanın hava hücumundan müdafiə sistemlərini və əhalini tükəndirməyə çalışdığını bildirib. Hücumların Odesa və Krivoy Roq kimi digər bölgələrdə də mühüm logistika və iqtisadi obyektlərə zərər vurduğu qeyd olunur.
Mənbə: Reuters
