Bugun.tv xəbər verir ki, Rusiya ordusunun Ukrayna limanlarına doğru hərəkət edən mülki ticarət gəmilərinə pilotsuz uçuş aparatları ilə hücum etdiyi bildirilir.
Ukraynanın Yenidənqurma üzrə Baş nazirin müavini və İcmalar və Ərazilərin İnkişafı naziri Oleksiy Kulebanın sözlərinə görə, iyunun 22-nə keçən gecə Ukrayna limanlarına istiqamətlənən iki mülki yük gəmisi hücuma məruz qalıb. Hücum nəticəsində Panama bayrağı altında üzən gəmilərdən birində yanğın baş verib.
Nazir bildirib ki, gəmidə aşpaz işləyən 58 yaşlı Misir vətəndaşı həyatını itirib. Türkiyə və Hindistan vətəndaşlarının da olduğu səkkiz ekipaj üzvü xilasedici qayıq vasitəsilə təxliyə olunub.
Kuleba həmçinin Palau və Beliz bayraqları altında üzən digər gəmilərin də hücuma məruz qaldığını iddia edib. O, mülki gəmilərin hədəfə alınmasını beynəlxalq hüququn pozulması və hərbi cinayət kimi qiymətləndirib.
Rusiya tərəfi isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Mənbə: Ensonhaber
