Səhiyyə

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nigar Cəfərova: “Peyvənd qızılcaya qarşı güclü immunitet yaradır və yoluxma riskini aradan qaldırır”

Bugun.tv xəbər verir ki, pediatrı Nigar Cəfərova sualları cavablandırıb.

– Nigar xanım, ilk öncə kəskin respirator virus infeksiyaları haqqında məlumat verərdiniz…

– Kəskin respirator virus infeksiyaları (KRVİ) – kəskin yoluxucu virus xəstəliklərini özündə birləşdirir. Bu xəstəliklər zamanı əsasən yuxarı tənəffüs yollarının selikli qişası zədələnir. Kəskin respirator virus infeksiyalarının törədiciləri çox saylı viruslardır (qrip, paraqrip, adenovirus, respirator sinsitial, rinovirus, reovirus və s).
KRVİ öz-özlüyündə o qədər də təhlükəli deyil. Təhlükəli sayılan onun ağırlaşmalıdır. Ağrlaşmalara bronxit, sətəlcəm, otit, angina aiddir. Kəskin respirator virus infeksiyaları əsasən hava-damcı yolu ilə yayılır. Lakin oyuncaqlar, əmzik, qulluq əşyaları vasitəsilə də yayıla bilər.
Onu da qeyd etmək lazımdır ki, bu viruslar xarici mühitdə çox davamsızdır. Onlar otaq temperaturunda və günəş şüalarının təsirindən bir neçə saata məhv olurlar. Bu xəstəlik əsasən tənəffüs yollarına təsir edir.

– KRVİ-nın əlamətləri hansılardır?

– Kəskin respirator virus infeksiyasının əlamətləri hərarətin yüksəlməsi ilə başlayır. Uşaqda halsızlıq, əzələ və oynaq ağrıları, yuxu pozğunluğu, kataral əlamətlər, boğaz ağrısı, burun tutqunluğu və ya burun axması da ola bilər.
Kəskin respirator virus infeksiyası çox hallarda öskürək və zökəmlə müşayiət olunur. Əgər virus mədə-bağırsaq sistemini də zədələyirsə, bu zaman qusma, ishal, qarında ağrı kimi əlamətlər qeyd olunur.
Adətən KRVİ başladığı gündən etibarən 7-10 gündən sonra keçib gedir.

– Kəskin respirator virus infeksiyalarının müalicəsi və profilaktikası necə aparılır?

– Kəskin respirator virus xəstəliyi ilə yoluxan uşağın ictimai yerlərdə olması tövsiyyə edilmir. Xəstələrlə təmas mümkün qədər məhdudlaşdırılmalıdır. Bol maye verilməli, qaldığı otağın havası tez-tez dəyişdirilməlidir. KRVİ-dən qorunmağın güclü üsullarından biri də əllərinizin düzgün yumasıdır. Uşağa tərkibində vitamin və minerallarla zəngin olan qidalar verilməlidir.
Valideynlərin nəzərinə çatdırmaq istərdik ki, virus xəstəlikləri zamanı övladlarını vaxtında pediatrın müayinəsinə aparsınlar ki, xəstəlik fəsadlaşmasın. Çünki profilaktika uşaqların sağlam gələcəyi üçün çox önəmlidir.

– Doktor, istərdik ki, qızılca xəstəlyi haqqında da ümumi məlumat verərdiniz…

– Qızılca hava-damcı yolu ilə yayılan və insandan-insana keçən virusdur. Qızılcaya əsasən uşaqlar yoluxur, lakin digər yaş qruplarından olan insanlar da bu virusa yoluxa bilər. Xəstə insan asqırdıqda, öskürdükdə və ya digər sağlam şəxslə fiziki təmasda olduqda xəstəliyin bir insandan digərinə ötürülməsi baş verə bilər.
Sağlam insan qızılcaya yoluxmuş insanın istifadə etdiyi əşyalarla təmas edərsə və yaxud xəstəyə qulluq zamanı virus əllər vasitəsilə həmin şəxsə keçə bilər. Buna görə də, xəstə insana qulluqdan sonra əllər sabunla yuyulmalıdır. Qızılca xəstəliyinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır. Bu xəstəliyin inkubasiya dövrü 7-14 gün təşkil edir.

– Qızılcanın əlamətləri hansılardır?

– Xəstəlik soyuqdəymə əlamətləri ilə başlayır. Qızdırma, intoksikasiya, səpkilərlə xarakterizə olunur. Lakin xəstəlik gedişatına görə digər səpkili infeksiyalardan fərqlənir. Əsas əlamətlərdən biri səpkilərin mərhələli olmasıdır.
Qızılcanın başlanğıc əlamətləri – burun axması, asqırma, öskürmə, yüksək hərarət, yuxululuq, boğaz ağrısı, ağzın selikli qişasında boz ləkələr, konyunktivit (qırmızı gözlər), işığa qarşı həssaslığın artmasıdır.
Xəstəliyin 4-7-ci günləri arası səpgilər başlayır və mərhələlərlə olur. Səpkilər əvvəlcə üzdə, alında, qulaq və boyun arxasında başlayır, sonra bədənə, növbəti günlər isə qola və ayaqlara yayılır. Adətən dəridə qırmızı rəngdə, yüngül qabarıq olur. 50% xəstələrdə səpkilər ovcun içində və ayaq altında da görünür. Səpkilər 3-4 gün davam edir və ortaya çıxdığı yerdən başlayaraq təqribi 7 gün müddətində solmağa, tündləşməyə, qabıqlanmağa başlayır və tədricən keçirlər.

– Qızılcadan necə qorunmaq olar?

– Qızılca xəstəliyinə ancaq həkim dəqiq diaqnoz qoya bilər. Sağalana qədər uşaq həkim nəzarətində olmalıdır. Ağırlaşmalar baş verərsə, uşağı mütləq xəstəxana şəraitində müalicə etmək lazımdır. Yəni, bütün hallarda həkimə müraciət etmək ona görə vacibdir ki, ağırlaşmalar vaxtında müəyyənləşsin.
Qızılcadan qorunmağın ən yaxşı və təhlükəsiz yolu xəstəliyə qarşı vaxtında peyvənd olunmaqdır. Qeyd edək ki, peyvəndlənmənin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vaksin preparatlarının alınıb ölkəyə gətirilməsini təşkil edib. Peyvənd qızılcaya qarşı güclü immunitet yaradır və yoluxma riskini aradan qaldırır.
Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.
Valideynlərə üzümüzü tutub demək istəyirik ki, övladlarınızı peyvəndlərdən yayındırmayın. Onların sağlamlığı və gələcəyi sizin əllərinizdədir!

Aynur Camal

Oxşar xəbərlər

Dərmanların baha olmasına səbəb nədir?-AÇIQLAMA

Nigar Məmmədova

Möcüzə doktor

İntizar Əmirova

Səhiyyə nazirinə yeni müşavir təyin olundu

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu