Bugun.tv xəbər verir ki, Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində baş verən ağır yol qəzası nəticəsində azı 40 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, özəl şəhərlərarası sərnişin avtobusu əyalət mərkəzi Kvettadan paytaxt İslamabada gedərkən idarəetmədən çıxaraq yol kənarındakı dərin dərəyə aşıb. Hadisə zamanı avtobusda ümumilikdə 48 sərnişin olub.
Xilasedicilər yaralıları ilkin tibbi yardımdan sonra Jhob şəhərindəki dövlət xəstəxanasına çatdırıblar. Həlak olanların meyitləri də şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün həmin xəstəxanaya aparılıb.
İlkin məlumata əsasən, avtobus marşrut boyunca nasazlıq səbəbindən yolda qalan başqa bir avtobusun sərnişinlərini də götürdüyü üçün normadan artıq yüklənmiş olub. Polis qəzanın dəqiq səbəblərini araşdırır.
Pakistan Prezidenti Asif Əli Zərdari faciə ilə bağlı başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb. Bəlucistan hökuməti isə xilasetmə əməliyyatlarının sürətləndirilməsi və zərərçəkənlərə lazımi tibbi yardımın göstərilməsi barədə göstəriş verib.
Mütəxəssislərin fikrincə, Pakistanda yol-nəqliyyat qəzalarının əsas səbəbləri arasında dağlıq ərazilərdə təhlükəli yollar, nəqliyyat vasitələrinin texniki vəziyyəti və yol hərəkəti qaydalarına kifayət qədər əməl olunmaması yer alır.
Mənbə: Reuters

