Maraqlı faktlar

Samanyolunun ən böyük və ən detallı fotosu çəkildi: 60 milyon ulduz bir kadra sığdı

Bugun.tv xəbər verir ki, Avropa Kosmik Agentliyi (ESA) Euclid kosmik teleskopunun qalaktikamızın sıx mərkəzi bölgəsini əks etdirən, indiyədək çəkilmiş ən böyük və ən detallı görünən işıq fotosunu yayımlayıb.

Nəhəng mozaik görüntüdə təxminən 60 milyon ulduz təsvir olunub.

Samanyolunun mərkəzində yerləşən parlaq qalaktik çıxıntını nümayiş etdirən bu görüntünün Günəş sistemindən kənarda yerləşən ekzoplanetlərin öyrənilməsində alimlər üçün mühüm məlumat mənbəyinə çevriləcəyi bildirilir.

Əsas missiyası kainatın üçdəbirini xəritələşdirərək qaranlıq maddə və qaranlıq enerjinin sirlərini araşdırmaq olan Euclid teleskopu 2023-cü ildə kosmosa buraxılıb. Bu dəfə alimlər teleskopun inkişaf etmiş görünən işıq kamerasını səmanın ən parlaq nöqtəsinə yönəldərək nəhəng xəritə hazırlayıblar.

Yerdən 1,5 milyon kilometr uzaqlıqda yerləşən Euclid bu görüntünü əldə etmək üçün 2025-ci ilin mart ayında 26 saat ərzində müşahidələr aparıb. Mozaika göy üzündə Ay diskindən daha böyük sahəni əhatə edən doqquz ayrı görüntünün birləşdirilməsi ilə hazırlanıb. Əsas ağ-qara təsvirə rənglər isə Havaydakı Kanada–Fransa–Havay teleskopunun müşahidələri əsasında əlavə edilib.

Alimlər bildirirlər ki, layihə yalnız vizual gözəllik yaratmaq məqsədi daşımır. Milyardlarla ulduzun yerləşdiyi bu bölgə ekzoplanetlərin axtarışı üçün ideal laboratoriya hesab olunur. Fotoşəkildə hazırda məlum olan 51 planet sistemi də əks olunub və gələcəkdə aşkar ediləcək yeni dünyalar üçün qiymətli məlumatlar təqdim edir.

Tədqiqatçılar “mikrolinzalanma” adlanan üsuldan istifadə edirlər. Bu metod zamanı arxa plandakı ulduzun işığı ön plandakı ulduzun cazibə qüvvəsi nəticəsində əyilir və parlaqlaşır. Əgər həmin ulduzun ətrafında planet varsa, işıqda əlavə dəyişiklik yaranır və alimlər bu yolla planetlərin kütləsini dəqiq hesablaya bilirlər.

Mütəxəssislərin sözlərinə görə, Yer üzərindəki teleskoplarla minlərlə saat tələb edəcək müşahidələri Euclid cəmi 26 saat ərzində həyata keçirib. Bu tarixi görüntünün gələcəkdə NASA-nın Nancy Grace Roman kosmik teleskopu kimi missiyalar üçün də mühüm istinad mənbəyi olacağı gözlənilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

135 illik yel dəyirmanı yenidən həyata qaytarıldı

Aynur Camal

Evini bəzəyən vaza sərvət çıxdı: Dəyərini öyrənəndə görün nə etdi

Aynur Camal

Dünyanın ən “səs-küylü adam”ı müəyyənləşdi: Təyyarənin qalxmasına bərabər səs çıxarır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu