Bugun.tv xəbər verir ki, Sankt-Peterburqda yerləşən Azərbaycanın Baş Konsulluğuna vaxtilə Rumıniyanın Baş Konsulluğunun fəaliyyət göstərdiyi bina təklif edilib.
“İnterfaks”ın məlumatına görə, təklif Rusiyanın xarici diplomatik nümayəndəliklərinə xidmət göstərən “İnpredservis” müəssisəsinin baş direktoru Vladimir Zapyevalov tərəfindən açıqlanıb.
Söhbət Sankt-Peterburqun Qoroxovaya küçəsi, 4 ünvanında yerləşən binadan gedir. Bu məkanda yaxın vaxtlara qədər Rumıniyanın Baş Konsulluğu fəaliyyət göstərib. Hazırda bina Azərbaycan tərəfinin yeni diplomatik nümayəndəlik üçün yerləşdirilməsi variantlarından biri kimi nəzərdən keçirilir.
Məlumata görə, Azərbaycan Baş Konsulluğuna bununla bağlı artıq rəsmi müraciət göndərilib. Azərbaycan tərəfi təklifi qəbul edəcəyi təqdirdə binada əvvəlcə təmir işləri aparılacaq, daha sonra obyekt Azərbaycan tərəfinin istifadəsinə veriləcək.
Zapyevalov bildirib ki, Azərbaycan daha əvvəl də Sankt-Peterburqda Baş Konsulluğun yerləşdirilməsi üçün yeni bina ilə bağlı müraciət edib. Həmin vaxt Azərbaycan tərəfinə Sapernı döngəsində yerləşən keçmiş Bolqarıstan Baş Konsulluğunun binası təklif olunub. Lakin həmin bina sahəsinə görə Azərbaycan tərəfinin tələblərinə uyğun gəlməyib.
Hazırda Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu 2-ci Sovetskaya küçəsində fəaliyyət göstərir.
Rumıniya konsulluğu iyulda fəaliyyətini dayandırıb
Rumıniyalı diplomatlar iyulun 24-də Sankt-Peterburqun Qoroxovaya küçəsindəki konsulluq binasını tərk ediblər. Diplomatik nümayəndəliyin bağlanmasından əvvəl binadakı Rumıniya bayraqları və konsulluğun lövhəsi götürülüb.
Bundan əvvəl, iyunun 25-də Rusiya Rumıniyanın Sankt-Peterburqdakı baş konsulunu “persona non grata”, yəni arzuolunmaz şəxs elan edib və Rumıniya tərəfinə konsulluğun fəaliyyətini dayandırması üçün 30 gün vaxt verib.
Moskvanın bu qərarı Rumıniya Xarici İşlər Nazirliyinin daha əvvəl Rusiya Baş Konsulluğu və Rusiyanın Konstansadakı baş konsuluna qarşı analoji tədbir görməsinə cavab olaraq qəbul edilib.
Hazırda isə keçmiş Rumıniya konsulluğunun yerləşdiyi binanın Azərbaycan Baş Konsulluğuna verilməsi məsələsi nəzərdən keçirilir.
Mənbə: News Mail.
