Bugun.tv xəbər verir ki, Sinqapurda dəniz və okean elmləri üzrə yeni Milli Dəniz və Okean Elmləri İnstitutu (NIMOS) fəaliyyətə başlayıb.
The Straits Times yazır ki, sentyabrın 22-də rəsmi olaraq fəaliyyətə başlayan institut üçün 60 milyon Sinqapur dolları vəsait ayrılıb. Quruma Sinqapur Milli Parklar Şurası (NParks) və Sinqapur Milli Universiteti (NUS) tərəfindən rəhbərlik olunur.
İnstitutun əsas məqsədi dəniz ekosistemlərinin qorunması, sahilyanı ərazilərin davamlı inkişafı, biomüxtəlifliyin öyrənilməsi və iqlim dəyişikliyi ilə insan fəaliyyətinin dəniz mühitinə təsirlərinin araşdırılmasıdır.
NIMOS ilkin mərhələdə virtual institut kimi fəaliyyət göstərəcək. Daimi mərkəzin isə NUS kampusunda yaradılması və burada laboratoriya və birgə tədqiqat məkanlarının qurulması planlaşdırılır.
İnstitut həmçinin Cənub-Şərqi Asiyada dəniz ekosistemlərinin vəziyyətinin daha yaxşı öyrənilməsinə və bu sahədə elmi əsaslı qərarların qəbuluna dəstək verməyi hədəfləyir.
Mənbə: StraitsTimes
