Böyük şəhərlərdə tıxaclar artıq adi hala çevrilib və sürücülər saatlarla sükan arxasında hərəkətsiz qalırlar.
Bu isə onurğa sütununa, boyun və çiyin nahiyəsinə mənfi təsir göstərir.
Fitnes məşqçisi Yekaterina Alpatova Life.ru saytına açıqlamasında bildirib ki, uzun müddət hərəkətsiz oturmaq qan dövranını zəiflədir, bel və boyun nahiyəsində narahatlıq yaradır. Onun sözlərinə görə, avtomobildə olarkən belə sadə hərəkətlərlə əzələləri aktivləşdirmək mümkündür.
Mütəxəssis ilk olaraq başın sağa və sola doğru təxminən 10 dəfə çevrilməsini tövsiyə edir. Bu hərəkət boyun əzələlərini boşaldır və baş ağrısının qarşısını almağa kömək edir.
Daha sonra çiyinləri önə və arxaya doğru 8-12 dəfə fırlatmaq məsləhət görülür. Bu üsul onurğanın yuxarı hissəsinin elastikliyini artırır və kürəkdə yaranan gərginliyi azaldır.
Üçüncü məşq kürək sümüklərini bir-birinə yaxınlaşdırmaqdır. Bunun üçün düz oturmaq, kürsünün arxalığından bir qədər aralanmaq, qolları irəli uzadaraq kürək sümüklərini birləşdirmək və bu vəziyyətdə 5-6 saniyə qalmaq lazımdır. Hərəkət 10-15 dəfə təkrarlandıqda boyun və çiyin nahiyəsində əhəmiyyətli rahatlama hiss olunur.
Mütəxəssislər qeyd edirlər ki, bu cür sadə məşqlər sükan arxasında uzun müddət qalan şəxslərdə bel ağrılarının və duruş pozuntularının qarşısını almağa kömək edə bilər.
Mənbə: mail.ru
