Bugun.tv xəbər verir ki, alimlərin apardığı araşdırmalar qidalanma vərdişlərinin dərinin qocalma sürətinə birbaşa təsir göstərdiyini ortaya qoyub.
Mütəxəssislərin sözlərinə görə, şəkər, emal olunmuş qidalar və trans yağlarla zəngin rasion dəridə qırışların yaranmasını sürətləndirə, elastikliyi azalda və ümumi görünüşü pisləşdirə bilər.
Araşdırmaya əsasən, əsas risk faktorlarından biri “qlikasiya” adlanan prosesdir. Orqanizmdə şəkərin həddindən artıq olması kollagen və elastin liflərinin zədələnməsinə səbəb olur. Nəticədə dəri əvvəlki elastikliyini itirir, qırışlar və sallanmalar daha tez meydana çıxır.
Mütəxəssislər xüsusilə şəkərli içkilər, ağ undan hazırlanan xəmir məhsulları, ağ düyü və digər sürətli karbohidratların qocalmanı sürətləndirən qidalar sırasında olduğunu bildirirlər. Həmçinin marqarin, fastfud məhsulları və hidrogenləşdirilmiş yağlar tərkibli qidalar hüceyrə membranlarını zədələyərək dərinin nəm itirməsinə və solğun görünməsinə səbəb ola bilər.
Bundan əlavə, qızardılmış və həddindən artıq bişirilmiş qidalar, kolbasa və sosis kimi emal olunmuş ət məhsulları, alkoqollu içkilər və duzun həddindən artıq qəbulu da dəri sağlamlığına mənfi təsir göstərən amillər kimi göstərilir. Bu qidalar orqanizmdə xroniki iltihabı və oksidləşdirici stressi artıraraq qocalma prosesini sürətləndirir.
Araşdırmada vurğulanır ki, qocalmanı tamamilə dayandırmaq mümkün olmasa da, tərəvəz, meyvə, balıq, omeqa-3 yağ turşuları və antioksidantlarla zəngin qidalanma dərinin daha sağlam və gənc görünməsinə kömək edə bilər. Xüsusilə C və E vitaminləri kollagen istehsalını dəstəkləyərək dərinin nəmliliyinin və qoruyucu funksiyalarının saxlanmasına töhfə verir.
Mənbə: mail.ru
