Argentinanın Kordoba şəhərində keçirilən Cənubi Amerika rallisində baş verən ağır qəza nəticəsində bir nəfər həyatını itirib, üç nəfər isə yaralanıb.
Hadisə yarışın Mina Klavero bölgəsində yerləşən “Giulio Cesare” mərhələsində qeydə alınıb. Məlumata görə, paraqvaylı pilotlar Didier Arias və Hector Nunezin idarə etdiyi yarış avtomobili idarəetmədən çıxaraq takla atıb və tamaşaçıların üzərinə düşüb.
Avtomobil nəzarətdən çıxaraq izdihama çırpıldı
Qəza zamanı yoldan çıxan avtomobil yarış zolağının kənarında yarışı izləyən insanların arasına daxil olub. Nəticədə bir nəfər hadisə yerində həyatını itirib, daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Final mərhələsi ləğv edildi
Baş verən faciədən sonra yarışın təşkilatçıları təhlükəsizlik səbəbilə final mərhələsini ləğv etmək qərarı veriblər. Hadisə ilə bağlı araşdırma başladılıb, təhlükəsizlik tədbirləri yenidən müzakirə mövzusuna çevrilib.
Regionun ən nüfuzlu yarışlarından biri
Qeyd edək ki, Cənubi Amerika Ralli Çempionatı Cənubi Amerika Avtomobil İdmanı Konfederasiyası (CODASUR) tərəfindən Beynəlxalq Avtomobil Federasiyasının (FIA) nəzarəti altında təşkil olunur və qitənin ən prestijli idman tədbirlərindən biri hesab edilir.
Argentina, Braziliya, Paraqvay, Uruqvay və Boliviyadan olan tanınmış pilotların iştirak etdiyi yarış tez-tez “Cənubi Amerikanın Çempionlar Liqası” kimi qiymətləndirilir.
Mənbə: EnSonHaber
