Bugun.tv xəbər verir ki, Samia Suluhu Hassan və Vladimir Putin arasında Moskvada keçirilən görüşdə iki ölkə arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.
Tanzaniya Prezidenti görüşdən sonra bildirib ki, 2020-2025-ci illər ərzində iki ölkə arasında ticarət dövriyyəsi 72 faiz artıb. Onun sözlərinə görə, tərəflər mövcud əməkdaşlığı daha da gücləndirmək və xalqların rifahına töhfə vermək məqsədilə yeni iqtisadi layihələr üzərində işləməyə razılaşıblar.
Samia Suluhu Hassan qeyd edib ki, danışıqlarda elm, texnologiya, təhsil, kənd təsərrüfatı, enerji, infrastruktur, mədənçilik və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Prezident vurğulayıb ki, bu addımlar hər iki ölkə üçün yeni imkanlar yaradacaq.
Tanzaniya lideri Rusiyaya səfərini tarixi adlandıraraq xatırladıb ki, Tanzaniyadan SSRİ-yə son dövlət səfəri 1969-cu ildə ölkənin qurucu lideri Julius Nyerere tərəfindən həyata keçirilib.
O, həmçinin Sovet İttifaqının Afrika ölkələrinin azadlıq mübarizəsinə verdiyi dəstəyə görə Rusiyaya təşəkkür edib və iki ölkə arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.
Mənbə: TASS
