Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqların davam etdiyini və yaxın gələcəkdə İranın ali rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini açıqlayıb.
Tramp iştirak etdiyi podkast proqramında İranın nüvə silahına sahib olmamaq prinsipini qəbul etdiyini iddia edib. Onun sözlərinə görə, Müctəba Xamenei də danışıqlar prosesinə razılıq verib və müəyyən mərhələdə tərəflər arasında birbaşa görüş baş tuta bilər.
ABŞ lideri İranın nüvə silahı əldə etməsinin Vaşinqton üçün “qırmızı xətt” olaraq qaldığını vurğulayıb.
Tramp həmçinin bildirib ki, İranla bağlı münaqişənin başa çatması enerji bazarlarına da müsbət təsir göstərəcək və enerji qiymətlərinin azalmasına səbəb olacaq.
ABŞ Prezidenti çıxışında İsrailin Baş naziri Benjamin Netanyahu ilə son danışığını da xatırladaraq, onunla sərt tonda danışdığını və İsrail-Livan gərginliyindən narahat olduğunu qeyd edib.
Bundan əvvəl Tramp İranla aparılan danışıqlarda müəyyən problemlərin yarandığını, lakin onların aradan qaldırıldığını bildirib və Hörmüz boğazı ilə bağlı razılaşmanın yaxın günlərdə yekunlaşa biləcəyini açıqlamışdı.
Mənbə: Ensonhaber
