FIFA tərəfindən ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi Dünya Çempionatı ərəfəsində ABŞ-da otellər qiymətləri endirməyə başlayıb.
Turizm sektoru nümayəndələri bildirirlər ki, yüksək bilet qiymətləri, inflyasiya narahatlığı və ABŞ-yə qarşı artan narazılıq azarkeşlərin marağını azaldır.
Otel qiymətlərində ciddi eniş
Araşdırmalara görə, Atlanta, Dallas, Mayami, Filadelfiya və San-Fransisko kimi ev sahibi şəhərlərdə oyun günləri üçün otel qiymətləri ilin əvvəlindəki pik səviyyə ilə müqayisədə təxminən üçdə bir azalıb.
Gözlənilən turist axını baş vermədi
Gianni Infantino daha əvvəl yüz minlərlə turistin gələcəyini proqnozlaşdırsa da, real tələbat bu gözləntiləri doğrultmayıb. Otel sektorunun nümayəndələri bildirirlər ki, müəyyən artım olsa da, bu, gözlənilən səviyyədə deyil.
Səbəblər nədir?
Ekspertlər azarkeşlərin səfərdən imtina etməsinin əsas səbəblərini belə izah edirlər:
- Yüksək bilet və səyahət xərcləri
- Qlobal inflyasiya və enerji böhranı
- Siyasi gərginlik və təhlükəsizlik narahatlıqları
Hesablamalara görə, bir azarkeşin komandasını finala qədər izləməsi təxminən 6900 dollara başa gəlir ki, bu da əvvəlki turnirlə müqayisədə xeyli yüksəkdir.
Otellərin gözləntiləri özünü doğrultmadı
Analitiklər qeyd edirlər ki, otellərin yüksək qiymətlərlə uzunmüddətli rezervasiya gözləntiləri reallıqla üst-üstə düşmür. Bəzi azarkeşlər isə daha sərfəli olacağını düşünərək 2030-cu ildə İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək turniri gözləməyi üstün tutur.
Mənbə: Lighthouse Intelligence
