Həkimlərin sözlərinə görə, insan üzü orqanizmin sağlamlıq vəziyyəti barədə mühüm siqnallar verə bilər. Dərinin rəngi, göz ətrafındakı dəyişikliklər, səpgilər və digər əlamətlər bəzi xəstəliklərin ilkin göstəricisi ola bilər.
Mütəxəssislər bildirirlər ki, üz dərisinin qəfil solğunlaşması, halsızlıq və başgicəllənmə ilə birlikdə müşahidə olunursa, bu, anemiyadan xəbər verə bilər. Dərinin və göz ağlarının saralması, ağızda acılıq hissi və sağ qabırğaaltı nahiyədə ağırlıq isə qaraciyər və ya öd kisəsində problemlərə işarə edə bilər. Yanaqların və burunun davamlı qızarması yüksək qan təzyiqi, qaraciyər xəstəlikləri və ya rozasea ilə əlaqəli ola bilər. Dodaqların və burun ətrafının göyərməsi isə orqanizmdə oksigen çatışmazlığının əlaməti hesab olunur və təcili tibbi yardım tələb edir.
Göz ətrafında yaranan dəyişikliklər də sağlamlıq barədə məlumat verə bilər. Yuxudan sonra keçməyən şişkinlik böyrək problemləri ilə əlaqələndirilir. Tünd gözaltı kölgələr burun axması və qaşınma ilə müşahidə olunursa, bu, allergiyanın əlaməti ola bilər. Göz qapaqlarında yaranan sarımtıl lövhəciklər yüksək xolesterin səviyyəsini göstərə bilər. Üzdə qəfil yaranan asimmetriya isə insultun ilkin əlamətlərindən biri sayılır və təcili müdaxilə tələb edir.
Mütəxəssislərin sözlərinə görə, alnın və üzün yuxarı hissəsində yaranan sızanaq və iltihablar öd kisəsi, mədəaltı vəzi və bağırsaq problemləri ilə əlaqəli ola bilər. Yanaqlar və burun üzərində “kəpənək” formasında səpgilər sistem qırmızı qurdeşənəyinin mümkün əlamətlərindən hesab olunur. Damar toru ilə müşahidə olunan rozasea isə damar və hormonal pozğunluqlarla əlaqələndirilir. Qadınlarda üzdə tünd tüklərin həddindən artıq artması kişi hormonlarının çoxluğu ilə bağlı ola bilər.
Həkimlər qeyd edirlər ki, dəridə qəfil xırda qırışların yaranması və quruluğun artması şəkərli diabet və ya hipotireozla əlaqədar ola bilər. Dodaqlarda əmələ gələn çatlar isə vitamin çatışmazlığı və ya susuzlaşmanın göstəricisi hesab olunur.
Mütəxəssislər vurğulayırlar ki, bu əlamətlər yalnız mümkün problemlər barədə xəbərdarlıq xarakteri daşıyır və diaqnoz hesab edilə bilməz. Dəqiq diaqnoz üçün tibbi müayinə və laborator analizlər vacibdir. Davamlı dəyişikliklər müşahidə olunduqda həkimə müraciət etmək tövsiyə edilir.
Mənbə: mail.ru

