Bu ilin ilk yarısında nəqliyyat dəhlizləri vasitəsilə Azərbaycan üzərindən 16 milyon 651 min ton yük daşınıb.
İqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, hesabat dövründə daşınan yüklərin 7 milyon 587 min tonu dəmir yolu, 3 milyon 365 min tonu dəniz, 5 milyon 699 min tonu isə avtomobil nəqliyyatının payına düşüb.
Deputatın sözlərinə görə, ilin ilk altı ayında Cənub-Qərb nəqliyyat dəhlizi ilə 261,8 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2 milyon 623,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4 milyon 559,3 min ton, Şərq-Qərb nəqliyyat dəhlizi ilə isə 9 milyon 207,4 min ton yük daşınıb. Şərq-Qərb dəhlizi üzrə yükdaşımaların 4 milyon 595 min tonu Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin payına düşüb.
Vüqar Bayramov qeyd edib ki, ilin ilk yarısında Azərbaycan üzərindən daşınan yüklərin həcmində 3 faizlik artım qeydə alınıb. Region üçün mühüm nəqliyyat istiqamətlərindən olan Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar isə 10 faiz artıb.
Deputatın fikrincə, Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən yükdaşımaların artması dövlət gəlirlərinin yüksəlməsinə töhfə verməklə yanaşı, ölkənin geo-iqtisadi mövqeyini də daha da gücləndirir.
“Zəngəzur dəhlizinin və eləcə də TRİPP-in istifadəyə verilməsindən sonra Azərbaycan üzərindən daşınan yüklərin həcmində daha yüksək artımlar gözlənilir”, – deyə Vüqar Bayramov bildirib.
O vurğulayıb ki, yeni düzən kontekstində beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərini artırmaqla yanaşı, qeyri-neft-qaz sektorunun aparıcı istiqamətlərindən birinə çevrilməkdədir.
