Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı ilə bağlı sosial media hesabında paylaşım edib.
Deputat bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycanın valyuta ehtiyatlarının xarici borcdan 20 dəfə çox olduğunu qeyd edib.
Vüqar Bayramovun sözlərinə görə, 2026-cı il Azərbaycanın strateji valyuta ehtiyatlarının artması baxımından mühüm illərdən biridir. O qeyd edib ki, 2025-ci ilin sonunda 85,1 milyard dollar təşkil edən strateji valyuta ehtiyatları 2026-cı ildə artıq 90 milyard dolları ötüb.
Deputatın fikrincə, Azərbaycan strateji valyuta ehtiyatları Ümumi Daxili Məhsulundan çox olan azsaylı ölkələr sırasındadır. Onun paylaşımına əsasən, ölkənin valyuta ehtiyatları illik ÜDM-i 12 faiz üstələyir və bu göstəriciyə görə Azərbaycan dünyada ilk onluqda yer alır.
Vüqar Bayramov qeyd edib ki, hazırda Dövlət Neft Fondunun 73 milyard dollar həcmində aktivləri var. Mərkəzi Bankın ehtiyatları isə 2025-ci ilin sonunda 11,5 milyard dollar olduğu halda, 2026-cı ildə 15,3 milyard dollaradək yüksəlib.
Deputat hesab edir ki, fiskal öhdəliklərin yerinə yetirilməsi ilə yanaşı, valyuta ehtiyatlarının artması sistemli iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, yüksək həcmdə strateji valyuta ehtiyatlarının formalaşması ölkənin iqtisadi təhlükəsizliyi üçün mühüm maliyyə buferi yaradır.
