Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəni şərh edib.
Deputat bildirib ki, Prezident İlham Əliyev müsahibəsində Azərbaycan ilə Avropa İttifaqı arasında genişlənən enerji əməkdaşlığına toxunaraq ölkəmizin artıq Avropanın 12 dövlətinə qaz ixrac etdiyini qeyd edib.
Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə getdikcə artır və yaxın illərdə təbii qaz hasilatının daha da yüksəlməsi gözlənilir.
O qeyd edib ki, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil olunub. Bu göstərici 2024-cü ildə 50,3 milyard kubmetr təşkil edib.
Deputatın paylaşımında bildirilib ki, hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz” yatağının, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Vüqar Bayramov qaz ixracı göstəricilərinə də diqqət çəkib. O bildirib ki, Azərbaycanın xaricə ümumi qaz satışı 25,2 milyard kubmetr olub. Bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə, 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetri isə Suriyaya ixrac edilib.
Deputat vurğulayıb ki, son 4 ildə Azərbaycan yalnız Avropaya 58 milyard kubmetrdən çox qaz nəql edib və artan hasilat ixracın həcminin yüksəlməsinə də təsir göstərir.
Onun sözlərinə görə, Azərbaycan qaz ixracının həcminə görə Avropa İttifaqında idxalçı dövlətlər arasında ilk beşlikdə qərarlaşıb. Planlaşdırılan yeni artımlar isə daha çox ölkəyə daha çox qaz tədarükünə imkan yaradacaq.
Vüqar Bayramov bildirib ki, yaşıl enerji istehsalının artması daxili istehlakda təbii qaza qənaət edilməsinə və daha çox qazın ixracına şərait yaradacaq. Bu isə həm dövlət gəlirlərinin artması, həm də ölkəyə daxil olan valyuta axınının yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda deputat əlavə edib ki, Azərbaycanın təbii qaz ixracını artırmaq potensialı Cənub Qaz Dəhlizinin ötürmə imkanlarının genişləndirilməsini daha da prioritet edir.
Onun fikrincə, qaz ixracının artması Azərbaycanın geo-siyasi mövqeyini möhkəmləndirməklə yanaşı, regionun enerji təhlükəsizliyində ölkəmizin rolunu daha da gücləndirəcək.
