Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov özünün sosial media hesabında Azərbaycanda orta aylıq əməkhaqqı göstəriciləri ilə bağlı paylaşım edib.
Deputat bildirib ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk rübündə ölkədə orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq 1151 manata çatıb.
Paylaşımda qeyd olunub ki, həmin dövrdə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 797 min nəfər təşkil edib. Onlardan 869 mini dövlət sektorunda, 928 mini isə özəl sektorda fəaliyyət göstərir.
Vüqar Bayramov diqqətə çatdırıb ki, sektorlar üzrə maaş fərqləri xüsusilə diqqət çəkir.
Onun sözlərinə görə, ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə çalışanların orta aylıq maaşı 4581 manat təşkil edir.
Deputat vurğulayıb ki, neft-qaz sektorunda çalışanların əməkhaqqısı ölkə üzrə orta göstəricidən təxminən 4 dəfə yüksəkdir. Maliyyə və sığorta sektorunda isə orta aylıq əməkhaqqı 2814 manatdır. O bildirib ki, bank sektorunda çalışanlar ölkədə ən yüksək maaş alan ikinci qrup hesab olunur.
Paylaşımda qeyd edilir ki, ümumilikdə iqtisadiyyatın 9 sektorunda orta aylıq maaş ölkə üzrə orta göstəricidən yüksəkdir.
Deputatın sözlərinə görə, iqtisadiyyatın 10 sektorunda isə əməkhaqqı orta göstəricidən aşağıdır. Ən aşağı maaş kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb. Bu sektorda orta aylıq əməkhaqqı 720 manat təşkil edir.
Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışanların orta aylıq maaşı 768 manatdır. Təhsil sektorunda bu göstərici 824 manat, elm sahəsində isə 1048 manat olub.
Vüqar Bayramov bildirib ki, əməkhaqqı göstəricilərinin sektoral təhlili maaş artımlarının diferensiallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, yalnız dövlət qulluqçularının deyil, ümumilikdə dövlət sektorunda maaşların optimallaşdırılması prioritet olaraq qalır.
