“Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizinin mütləq reallaşacağını bir daha vurğulayıb”.
Bugun.tv xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında paylaşdığı şərhdə qeyd edib.
O həmçinin vurğulayıb ki, Vətən müharibəsində qazanılan Zəfərdən sonra dövlət başçısı dəfələrlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsinin təmin edilməsinin vacibliyini bəyan edib.
Vüqar Bayramov bildirib ki, artıq Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlər tamamlanmaq üzrədir.
Deputatın sözlərinə görə, dəhlizin Ermənistan ərazisindən keçən hissəsi cəmi 40 kilometr təşkil etdiyindən tikinti prosesinin sürətləndirilməsi layihənin daha qısa müddətdə istifadəyə verilməsinə imkan yarada bilər.
Deputat, 15 milyon ton ötürmə potensialına malik olacaq Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına mühüm töhfə verəcəyini bildirib. O hesab edir ki, yaxın gələcəkdə Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək bu marşrut Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirməklə yanaşı, region ölkələrinin gəlirlərinin artmasına da şərait yaradacaq.
Vüqar Bayramov Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin qiymətləndirmələrinə istinadən qeyd edib ki, Zəngəzur dəhlizinin 2030-cu ilədək istifadəyə verilməsinin gözlənildiyini deyib. Onun sözlərinə görə, dəhliz istifadəyə verildikdən sonra Çindən göndərilən yüklərin Londona çatdırılma müddəti 18 günə qədər azalacaq.
Deputat əlavə edib ki, 10 illik proqnozlara əsasən, Zəngəzur dəhlizi 50 milyard dollar gəlir formalaşdırmaq və hər il 60 mindən çox yeni iş yerinin yaradılmasına töhfə vermək potensialına malikdir.
