Dünya

Yaponiya Marsın peykindən Yerə nümunələr gətirmək üçün kosmik missiyaya başladı

Bugun.tv xəbər verir ki, Yaponiya Marsın Fobos peykindən süxur və qum nümunələri götürərək Yerə çatdırmaq məqsədilə “MMX” adlı kosmik aparatı uğurla orbitə çıxarıb. Missiya həyata keçirilərsə, alimlər ilk dəfə Marsın peyklərindən birinin səthindən götürülmüş materialları Yer laboratoriyalarında araşdırmaq imkanı əldə edəcəklər.

Anadolu Agentliyinin oktyabrın 20-də yaydığı məlumata görə, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) hazırladığı aparat ölkənin cənub-qərbində yerləşən Tanegaşima Kosmik Mərkəzindən “H3” raketi ilə buraxılıb. Aparatın Mars sisteminə 2027-ci ilin avqustunda çatması gözlənilir.

Missiyanın əsas hədəfi Marsın iki peykindən daha böyüyü olan Fobosun səthindən nümunələr toplamaqdır. Alimlər ən azı 10 qram süxur və torpaq materialı götürməyi planlaşdırırlar. Aparatın 2031-ci ildə nümunələri Yerə qaytarması nəzərdə tutulur.

Tədqiqatın əsas məqsədlərindən biri Fobos və Marsın digər peyki Deymosun necə yarandığını müəyyənləşdirməkdir. Alimlər bu göy cisimlərinin Marsla toqquşma nəticəsində yaranmış materiallardan formalaşması və ya Marsın cazibəsinə düşmüş qədim asteroidlər olması ehtimallarını araşdırırlar.

Missiyada Fransa və Almaniyanın birgə hazırladığı “Idefix” adlı kiçik tədqiqat robotunun da iştirakı nəzərdə tutulur. Robot Fobosun səthini araşdıraraq nümunələrin götürüləcəyi ərazinin seçilməsinə kömək edəcək.

Alınacaq nəticələrin Mars sisteminin və Günəş sisteminin ilkin inkişaf mərhələlərinin daha yaxşı öyrənilməsinə töhfə verəcəyi gözlənilir.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

NATO Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün əlavə qüvvələr göndərəcək

Aynur Camal

Google Cloud-da nasazlıq Britaniya banklarının və onlayn xidmətlərin işini pozdu

Aynur Camal

Sibirdə qədim insanlarla eyni dövrdə yaşamış yeni heyvan növü aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu