Bugun.tv xəbər verir ki, Belçikanın Antverpen şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın nəticəsində azı 6 nəfər həyatını itirib.
Yerli KİV-in məlumatına görə, hadisə şəhərin Linkeroever rayonunda yerləşən 10 mərtəbəli yaşayış binasında yerli vaxtla saat 09:50 radələrində baş verib.
Antverpen polisinin sözçüsü Kim Bastiaens bildirib ki, yanğın binanın birinci mərtəbəsində başlayıb. Alovun başvermə səbəbi hələlik müəyyən edilməyib.
Yanğın zamanı 200-dən çox sakinin yaşadığı binada təxliyə işləri həyata keçirilib. Antverpen Yanğınsöndürmə Xidmətinin məlumatına görə, hadisə yerinə 10-dan çox yanğınsöndürən maşın cəlb olunub və alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.
Hadisə ilə əlaqədar Belçikada kütləvi xəsarət və fövqəladə hallarda tətbiq olunan “Tibbi Müdaxilə Planı” işə salınıb. Plan çərçivəsində əlavə təcili tibbi yardım briqadaları, ambulanslar və Qırmızı Xaç əməkdaşları bölgəyə göndərilib. Yaralıların müxtəlif xəstəxanalara yerləşdirilməsi təmin olunur.
Belçikanın Baş naziri Bart De Vever sosial şəbəkə hesabında paylaşım edərək həlak olanların ailələrinə başsağlığı verib, təxliyə olunan sakinlərə dəstəyini ifadə edib və yanğınsöndürənlərə təşəkkürünü bildirib.
Mənbə: TrtHaber
