Bugun.tv xəbər verir ki, “Yaşıl Qarabağ” İctimai Birliyi “Azad olunmuş torpaqları yaşıllaşdıraq” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaşıllaşdırma aksiyalarını davam etdirir.
Layihənin əsas məqsədi ərazilərdə ekoloji tarazlığın bərpasına töhfə vermək və yaşıllıq sahələrini artırmaqdır.
İctimai Birliyin sədri Etibar Hüseynov əməkdaşımızla söhbətində bildirib ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Onun sözlərinə görə, Ağdam, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında başlanılan işlər artıq yekunlaşmaq üzrədir. Həmin ərazilərdə yerli şəraitə uyğun 500-dən çox müxtəlif növ ağac və ting əkilib. Təşkilat ötən il də təxminən eyni sayda ağac və ting əkərək yaşıllaşdırma işlərinə töhfə verib.
Etibar Hüseynov qeyd edib ki, ildən-ilə əldə olunan təcrübə artır, layihəyə qoşulanların sayı genişlənir. Bu səbəbdən gələcəkdə ağacəkmə işlərinin həcminin daha da artırılması nəzərdə tutulur.

İctimai Birliyin sədri layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. O, birgə səylər nəticəsində Qarabağın təbii gözəlliyinin və yaşıllıqlarının bərpasına nail olacaqlarına ümid etdiyini vurğulayıb.
Layihə işğaldan azad edilmiş ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması, ağac örtüyünün artırılması və təbiətin qorunması baxımından əhəmiyyət daşıyır.
