Alimlərin son araşdırmalarına görə, son onilliklərdə yay mövsümü nəzərəçarpacaq dərəcədə uzanır və daha erkən başlayır. Bu isə iqlim dəyişiklikləri prosesinin gözləniləndən daha sürətli getdiyini göstərir.
1990–2023-cü illər üzrə aparılan tədqiqat nəticələrinə əsasən, tropiklər ilə qütb dairələri arasında yay mövsümünün orta müddəti hər onillikdə təxminən 6 gün artıb. Bu göstərici əvvəlki araşdırmalarda qeydə alınan 4 gündən xeyli yüksəkdir.
Məsələn, Sidney şəhərində yay artıq təxminən 130 gün davam edir. Halbuki 1990-cı illərdə bu rəqəm 80 gün idi. Toronto şəhərində isə yay mövsümünün uzunluğu hər onillikdə orta hesabla 8 gün artır.
Tədqiqatçılar yay mövsümünü təqvimə görə deyil, temperatur göstəricilərinə əsasən müəyyən ediblər. Yəni yay, ilin ən isti dövrlərinə xas olan temperatur həddinin aşılması ilə başlayır.
Alimlər qeyd edir ki, mövsümlər arasındakı keçidlər də dəyişib. Artıq temperatur tədricən artmaq əvəzinə, qəfil yüksəlir. Bu isə ekosistemlər üçün ciddi risklər yaradır. Məsələn, bitkilər tozlandırıcılar meydana çıxmamış çiçək aça bilər və ya sürətli qar əriməsi daşqınlara səbəb ola bilər.
Bundan əlavə, “istilik yığımı” göstəricisi – yəni temperatur və zamanın birgə təsiri – Şimal yarımkürəsində 1990-cı ildən bəri üç dəfədən çox sürətlə artıb. Xüsusilə sahilyanı ərazilərdə bu artım daha kəskin müşahidə olunur.
Alimlər xəbərdarlıq edir ki, bu tendensiya davam edərsə, kənd təsərrüfatı, su ehtiyatları və biomüxtəliflik ciddi təhlükə ilə üzləşə bilər.
Mənbə: mail.ru
