Bugun.tv xəbər verir ki, tibb elmləri doktoru, “Sağlamlığın Qorunması” İctimai Birliyinin rəhbəri, AOC-un sədr müavini Yazgül Abdiyeva Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasında müəllifi olduğu “Konyunktivitlərin Klinikası, Differensial Diaqnostikası və Müalicəsində Müasir Yanaşma” adlı dərs vəsaitinin təqdimatının keçirildiyini bildirib.
Yazgül Abdiyeva bu barədə sosial media hesabında paylaşım edərək qeyd edib ki, kitabın elmi rəyçiləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Elmar Qasımov və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru, tibb elmləri doktoru Nigar Qurbanova olublar. O, dəyərli elmi rəylərinə və tövsiyələrinə görə hər iki alimə təşəkkürünü bildirib.

Müəllifin sözlərinə görə, dərs vəsaitinin əsas məqsədi konyunktivitlərin müasir klinik yanaşmalar əsasında diaqnostikası və müalicəsi ilə bağlı elmi-praktik bilikləri sistemləşdirərək tələbələr, rezidentlər və həkim-oftalmoloqlar üçün faydalı elmi mənbə təqdim etməkdir.
Paylaşımda qeyd olunub ki, təqdimat zamanı kitab iştirakçılara hədiyyə edilib, görüş isə maraqlı sual-cavab və elmi müzakirələrlə yadda qalıb.

Yazgül Abdiyeva tədbirin keçirilməsinə şərait yaratdığına görə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyliyə, eləcə də Oftalmologiya kafedrasının müdiri professor Paşa Qəlbinura təşəkkürünü ifadə edib.
O, həmçinin təqdimatda iştirak edən həmkarlarının yeni nəşrlə bağlı fikirlərini bölüşdüklərini, suallar səsləndirdiklərini və xoş arzularını çatdırdıqlarını qeyd edərək, kitabın oftalmologiya sahəsində çalışan mütəxəssislər və gələcək həkimlər üçün faydalı olacağına inandığını bildirib.

