Hindistanda ənənəvi yerli dadlara marağın artması qazlı içkilər bazarında yeni rəqabət yaradıb. Zirə ilə hazırlanan içkilər getdikcə daha çox alıcı cəlb edir və beynəlxalq markaların uzun müddətdir üstünlük təşkil etdiyi bazarda mövqelərini möhkəmləndirir.
Bugun.tv xəbər verir ki, bu barədə BBC yazıb.
Nəşrin məlumatına görə, Hindistanda Lahori Zeera, Jeeru və Campa Jeera kimi markaların istehsal etdiyi zirə dadlı qazlı içkilərə tələbat artır. Xüsusilə Lahori Zeera markasının bu ilin sonuna qədər 115–120 milyon dollar gəlir əldə edəcəyi gözlənilir.
Bu içkinin kommersiya istehsalına 2017-ci ildə üç qohumun ev şəraitində hazırladıqları resept əsasında başlanılıb. Onlar ənənəvi zirə dadını qazlı içki formasında təqdim etməklə bazarda fərqli məhsul yaratmağa nail olublar.
Yerli dadlar beynəlxalq markalarla rəqabətdə
BBC-nin təqdim etdiyi məlumatlara əsasən, Hindistanda yerli ənənəvi içki markalarının qazlı içkilər bazarındakı ümumi payı 2025-ci ilin sentyabrına qədər təxminən 15 faizə çatıb. Eyni dövrdə Coca-Cola və PepsiCo-nun birgə bazar payı təxminən 93 faizdən 85 faizə enib.
Beləliklə, Hindistan istehlakçılarının yerli dadlara marağı içki bazarında yeni tendensiya formalaşdırır və yerli istehsalçılar üçün beynəlxalq şirkətlərlə rəqabət imkanlarını genişləndirir.
Mənbə: BBC News
