29.5 C
Baku
12 Avqust 2026, 13:02
Dünya

Perseid meteor yağışı bu gecə zirvə həddinə çatacaq

Bugun.tv xəbər verir ki, ilin ən parlaq və ən çox müşahidə olunan meteor yağışlarından biri olan Perseidlər bu gecə maksimum intensivlik mərhələsinə çatacaq. İyulun ortalarından etibarən davam edən meteor yağışının çərşənbə günündən cümə axşamına keçən gecə ən yüksək həddə çatacağı gözlənilir.

Mütəxəssislərin sözlərinə görə, bu il hadisənin müşahidəsi üçün əlverişli amillərdən biri Ay işığının zəif olmasıdır. Ayın yeniay mərhələsində olması gecə səmasının daha qaranlıq qalmasına imkan verəcək. Bu isə xüsusilə şəhər işıqlarından uzaq ərazilərdə meteorların daha aydın görünməsinə şərait yaradacaq.

Perseidlər Şimal yarımkürəsində yay aylarına təsadüf etdiyi və saatda təxminən 100 meteorun müşahidə olunmasına imkan verdiyi üçün ən çox izlənilən göy hadisələrindən biridir. Meteor yağışının intensivliyi zirvə nöqtəsindən sonra azalsa da, meteor keçidlərini qarşıdakı iki həftə ərzində də müşahidə etmək mümkün olacaq.

Perseid meteor yağışı Yer kürəsinin 1862-ci ildə kəşf edilmiş 109P/Swift-Tuttle kometasının geridə qoyduğu toz və qalıq buludundan keçməsi nəticəsində yaranır. Atmosferə daxil olan hissəciklər yüksək sürətlə yanaraq göydə parlaq izlər yaradır. Bəzi daha iri hissəciklər isə “od topları” adlandırılan daha parlaq görüntülər meydana gətirə bilər.

Azərbaycandan necə müşahidə etmək olar?

Perseid meteor yağışının 12 avqust çərşənbə günündən 13 avqust cümə axşamına keçən gecə ən intensiv mərhələyə çatacağı bildirilir. Müşahidə üçün ən əlverişli vaxt gecə yarısından sonra başlayaraq sübhə qədər davam edən saatlardır.

Meteorların səmada göründüyü əsas istiqamət şimal-şərq üfüqü olacaq. Daha yaxşı müşahidə üçün şəhər işıqlarından və digər süni işıq mənbələrindən uzaq, üfüqü açıq ərazilərin seçilməsi tövsiyə olunur.

Hadisəni müşahidə etmək üçün teleskop və ya durbinə ehtiyac yoxdur. Perseidlər adi gözlə də izlənilə bilər. Müşahidədən əvvəl gözlərin qaranlığa uyğunlaşması üçün ən azı 20-30 dəqiqə ərzində parlaq işıqlara baxmamaq tövsiyə edilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

“Möhtəşəm olacaq”: Milyonlarla insan tam Günəş tutulmasını izləmək üçün İspaniyaya axın edir

Aynur Camal

Psixoloq: Niyə bağda işləmək artıq sevinc gətirmir?

Aynur Camal

Bu gün göy üzündə iki nadir hadisə müşahidə olunacaq: Altı planet və tam Günəş tutulması

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu