Bugun.tv xəbər verir ki, Çinin Tibet Muxtar Bölgəsində baş verən 7 bal gücündə zəlzələ nəticəsində ilkin məlumata görə, 16 nəfər həyatını itirib, 32 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 300-dən çox ev dağılıb.
Anadolu Agentliyinin məlumatına görə, zəlzələ oktyabrın 22-də gecə saatlarında baş verib. Dağıntıların qeydə alındığı ərazi Tibet Muxtar Bölgəsinin Nakçu dairəsində yerləşən Baçın rayonudur.
ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların maqnitudası 7 olub və zəlzələ təxminən 10 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin episentri Nakçu şəhərindən təxminən 183 kilometr şimal-şərqdə yerləşib.
Fəlakət bölgəsinə 300 polis əməkdaşı, eləcə də 350 yanğınsöndürən və xilasetmə əməkdaşı cəlb edilib. Yaralılardan 11-nin vəziyyətinin ağır olduğu bildirilir. Yüngül xəsarət alan 21 nəfər isə xəstəxanalarda müalicə olunur.
Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir. Dağıntılar altında qalan insanların olub-olmadığı araşdırılır. Səlahiyyətli qurumlar xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayının arta biləcəyini istisna etmirlər.
Mənbə: Anadolu Agentliyi
