5 C
Baku
26 Yanvar 2026, 23:01
Səhiyyə

Qışda yağlı qidalardan imtinanın fəsadları: həkimdən xəbərdarlıq

Qış aylarında kökəlməmək məqsədilə yağlı qidaların rasiondan kəskin şəkildə çıxarılması sağlamlıq üçün ciddi risklər yarada bilər. Bu barədə “SM-Klinika”nın endokrinoloqu Anna Oderiy bildirib.

Həkimin sözlərinə görə, yağlar “boş kalori” deyil, maddələr mübadiləsinin əsas elementlərindən biridir və orqanizmin normal fəaliyyəti üçün ilboyu vacibdir. Yağlar hüceyrə membranlarının formalaşmasında, o cümlədən sinir sistemi hüceyrələrində iştirak edir, steroid hormonların sintezini təmin edir, A, D, E və K vitaminlərinin mənimsənilməsinə kömək edir və enerji mənbəyi rolunu oynayır.

Qış mövsümündə yağların əhəmiyyəti daha da artır. Günəş işığının azalması D vitamini çatışmazlığı riskini yüksəldir və bu vitamin yalnız yağların iştirakı ilə sorulur. Rasionda kifayət qədər lipid olmadıqda, hətta vitamin əlavələri də effekt verməyə bilər. Bundan əlavə, qışda qidalanma daha monoton olur və yağların tam çıxarılması rasionu daha da kasadlaşdırır.

Mütəxəssis qeyd edib ki, soyuq havada orqanizm termorequlyasiya, infeksiyalardan qorunma və soyuğa uyğunlaşma üçün daha çox enerji sərf edir. Yağ çatışmazlığının ilk əlamətləri isə dəri və selikli qişaların quruluğu ilə özünü göstərir.

Endokrinoloq vurğulayıb ki, tibbdə yağların “yaxşı” və “pis” kimi sərt bölgüsü yoxdur, çünki hər növ yağ turşusu öz funksiyasını yerinə yetirir.

Mono doymamış yağlar ürək-damar sistemini dəstəkləyir və zeytun yağı, avokado, qoz-fındıqda mövcuddur.

Poli doymamış yağlar (omeqa-3 və omeqa-6) hüceyrə membranlarının formalaşmasında, iltihabın tənzimlənməsində və sinir sistemi üçün vacibdir. Onların mənbəyi yağlı balıqlar (somon, siyənək, skumbriya), həmçinin qoz-fındıq, kətan və çia toxumlarıdır.

Doymuş yağlar (ət, süd məhsulları, yumurta) balanslı qidalanma çərçivəsində təhlükəli sayılmır. Problem onların həddindən artıq qəbulu və doymamış yağların azlığı zamanı yaranır.

Uzunmüddətli və sərt yağ məhdudiyyəti A, D, E və K vitaminlərinin mənimsənilməsinin pozulmasına, hormonal problemlərə, xroniki yorğunluğa və karbohidratların həddindən artıq qəbuluna səbəb ola bilər. Bu da zəiflik, əsəbilik və daimi aclıq hissi ilə müşayiət olunur.

Balansı qorumaq üçün həkim hər əsas yeməkdə yağ mənbəyinin olmasını, bitki və heyvani yağların növbələşdirilməsini, rasionda mütəmadi olaraq bitki yağları, balıq, yumurta, süd məhsulları və qoz-fındıqdan istifadə edilməsini tövsiyə edib. Yağların arıqlamağa mane olması və ya hormonal fona zərər verməsi ilə bağlı fikirlərin yanlış olduğunu bildirən mütəxəssis, ürək-damar riskinin yağlardan tam imtina ilə deyil, onların balansı ilə azaldığını qeyd edib.

Sonda Anna Oderiy qışda bitki yağlarından imtina etməməyi, həftədə 1–2 dəfə balıq yeməyi, rasiona qoz-fındıq və toxumlar əlavə etməyi, yumurta və süd məhsullarından çəkinməməyi, eləcə də tam yağsız məhsulları əsas qida kimi seçməməyi məsləhət görüb.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

WHO ABŞ çıxışı ilə bağlı bəyanat yayımladı

Aynur Camal

Aspirin böhranı: qıtlıq yarandı, ixrac qadağan edildi

Aynur Camal

ABŞ WHO-dan rəsmi çıxışı: Qlobal səhiyyə əməkdaşlığı narahatdır — sağlamlıq / beynəlxalq münasibətlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu