Bugun.tv xəbər verir ki, ABŞ alimləri qocalma zamanı əzələ gücünün azalmasının yalnız əzələ toxumasının zəifləməsi ilə bağlı olmadığını, sinirlərlə əzələlər arasındakı əlaqənin də mühüm rol oynadığını müəyyənləşdiriblər.
Medical Xpress-in məlumatına görə, Missuri Universitetinin tədqiqatçıları sinir ilə əzələnin birləşdiyi sahədə əlaqənin yaş artdıqca zəiflədiyini aşkarlayıblar. Bu prosesdə NaV1.4 adlı zülalın səviyyəsinin azalmasının rol oynadığı müəyyən edilib.
Alimlər həm insan, həm də heyvan modellərində sinir-əzələ əlaqəsinin yaşla birlikdə zəiflədiyini müşahidə ediblər. Tədqiqat zamanı həmçinin başqa bir zülal – ClC-1 hədəfə alınıb. Siçan modelində bu zülalın qismən bloklanması əzələlərin sinir siqnallarına cavabını gücləndirib və əzələ gücünü artırıb.
Tədqiqatçılar bunun gələcəkdə yaşla əlaqəli sarkopeniyanın müalicəsi üçün mümkün istiqamət yarada biləcəyini bildirirlər. Lakin nəticələr hələ klinik müalicənin hazır olduğu anlamına gəlmir. Növbəti mərhələdə yanaşmanın yaşlı insanlarda sınaqdan keçirilməsi məsələsi araşdırılacaq.
Mənbə: MedicalXpress
