Bugun.tv xəbər verir ki, səhər yeməyində alma və banandan başqa, qaragilə də sağlam qidalanmaq istəyənlər üçün faydalı seçim hesab olunur. Lif, vitaminlər və antioksidantlarla zəngin olan bu meyvə ürək-damar və həzm sisteminin normal fəaliyyətini dəstəkləyən qidalar sırasındadır.
“Ensonhaber” nəşrinin məlumatına görə, qaragilənin tərkibində ona mavi-bənövşəyi rəng verən antosianinlər mövcuddur. Bu maddələr antioksidant xüsusiyyətləri ilə tanınır. Elmi araşdırmalarda antosianinlərlə zəngin qidaların istehlakı ilə ürək-damar sağlamlığının bəzi göstəriciləri arasında müsbət əlaqə ola biləcəyi qeyd edilir.
Məlumata əsasən, 100 qram təzə qaragilənin enerji dəyəri təxminən 57 kilokalori, lif miqdarı isə 2,4 qramdır. Meyvədəki lif həzm sisteminin normal fəaliyyətinə kömək edir, C vitamini isə immun sisteminin normal funksiyasını dəstəkləyir.

Qaragiləni səhər yeməyində necə istifadə etmək olar?
Qaragiləni tək yemək, qatığa və ya yulaf sıyığına əlavə etmək mümkündür. Onu tam taxıllı məhsullar, zülal və faydalı yağlarla zəngin qidalarla birlikdə qəbul etmək daha balanslı və toxluq hissi yaradan səhər yeməyi hazırlamağa kömək edə bilər.
Təzə qaragilə tapılmadıqda əlavə şəkər qatılmamış dondurulmuş məhsuldan da istifadə etmək olar.
Qeyd edək ki, heç bir meyvəni hamı üçün mütləq “ən sağlam” seçim adlandırmaq düzgün deyil. Ən uyğun seçim insanın qidalanma ehtiyaclarından və ümumi rasionundan asılıdır.
Mənbə: Ensonhaber
