ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi neft embarqosu nəticəsində ölkədə yanacaq çatışmazlığı dərinləşib və bu vəziyyət xüsusilə paytaxt Havana şəhərində ciddi sanitar problemlərə səbəb olub. Nəticədə zibil daşınması xeyli azalıb və küçələrdə tullantı yığınları artıb.
Məlumata görə, yanacaq çatışmazlığı səbəbindən zibil maşınlarının yalnız yarısından da azı işləyə bilir. Hökumət paytaxtda 122 müvəqqəti tullantı toplama məntəqəsi yaratsa da, bu, problemi tam həll etməyib.
Bəzi məntəqələrdə tullantıların yandırılmasına icazə verilməsi isə şəhər üzərində qalın və zərərli tüstü qatının yaranmasına səbəb olub. Bu vəziyyət havanın keyfiyyətini pisləşdirərək əhali arasında narahatlıq yaradıb.
Mütəxəssislər açıq havada tullantıların yandırılmasının insan sağlamlığı üçün ciddi risk daşıdığını bildirir. Tüstü tərkibində olan zərərli maddələrin orqanizmdə uzunmüddətli təsir göstərə biləcəyi qeyd olunur.
Zibil yığınlarının artması təkcə hava çirklənməsi ilə deyil, həm də həşərat və gəmiricilərin çoxalması ilə nəticələnib. Bu isə yoluxucu xəstəliklərin yayılma riskini artırıb.
Xüsusilə yağış mövsümünün başlaması ilə birlikdə tullantılar arasında yığılan durğun suların ağcaqanadların çoxalmasına şərait yaratdığı və bunun da epidemik xəstəliklər üçün təhlükə yaratdığı bildirilir.
Səhiyyə sahəsindəki mütəxəssislər xəstəxanalarda gigiyena problemləri və uşaqlar arasında bəzi infeksiyaların artdığını qeyd edirlər. Ölkədə dərman çatışmazlığı və elektrik kəsintiləri vəziyyəti daha da çətinləşdirir.
Havana şəhərindəki əsas zibil poliqonunun həddindən artıq dolması isə ətraf ərazilər üçün əlavə təhlükə yaradır.
Mənbə: TrtHaber
