Bugun.tv xəbər verir ki, ABŞ-ın Scripps Research tədqiqat mərkəzi və Böyük Britaniyanın Bristol Universiteti alimləri adi süfrə şəkəri və sirkədən istifadə etməklə mühüm dərmanların istehsalını daha ucuz və sürətli edə biləcək yeni üsul hazırlayıblar.
Tədqiqatın nəticələrinə görə, alimlər indiyədək hazırlanması çətin, vaxt aparan və bahalı hesab olunan C-qlikozid kimyəvi birləşmələrinin əldə olunmasını xeyli sadələşdiriblər. Bu molekullar orqanizmdə daha dayanıqlı olduqları üçün bir çox dərmanın hazırlanmasında mühüm rol oynayır.
Araşdırmanın həmmüəllifi, Bristol Universitetinin professoru Varind Aqqarval bildirib ki, yeni üsul gələcəkdə əsas dərmanların istehsalını həm daha sürətli, həm də daha sərfəli edə bilər.
Yeni texnologiya xüsusilə 2-ci tip şəkərli diabetin müalicəsində istifadə olunan dapagliflozin, kanaqliflozin və empagliflozin kimi SGLT2 inhibitorlarının istehsalı üçün böyük əhəmiyyət daşıyır. Dünyada illik satış həcmi 20 milyard dollara çatan bu preparatların istehsalı indiyədək mürəkkəb və çoxmərhələli kimyəvi proses tələb edirdi.
Alimlər göstəriblər ki, şəkər molekulunu zəif turşu mühitində – məsələn, adi sirkədə – xüsusi reaktivlə qarışdırmaq və kristallaşdırmaqla lazım olan kimyəvi quruluşu bir mərhələdə əldə etmək mümkündür.

Scripps Research mərkəzinin professoru Fil Baran bildirib ki, istifadə olunan maddələr geniş yayılıb və metod patentləşdirilməyib. Onun sözlərinə görə, bu yanaşma generik dərman istehsalçılarına istehsal xərclərini azaltmağa kömək edə bilər.
Tədqiqatçılar metodun praktikliyini sübut etmək üçün adi aptekdən alınmış dekstroz tozunu məişətdə istifadə olunan sirkədə həll edərək prosesi nümayiş etdiriblər. Hazırlanan üsulla hazırda təsdiqlənmiş bütün SGLT2 inhibitorları, eləcə də əvvəllər 20-yə qədər sintez mərhələsi tələb edən mürəkkəb təbii birləşmələr uğurla əldə edilib.
Alimlər hesab edirlər ki, bu metod gələcəkdə həyati əhəmiyyət daşıyan dərmanların istehsal xərclərinin azalmasına və onların daha əlçatan olmasına töhfə verə bilər.
Mənbə: mail.ru
