Dünya

Aİ-də miqrantlarla bağlı ən sərt qaydalar gündəmdədir

Bugun.tv xəbər verir ki, Avropa İttifaqı (Aİ) qeyri-qanuni miqrantların deportasiyası ilə bağlı qaydaları əhəmiyyətli dərəcədə sərtləşdirən yeni “Geri Qayıdış Qaydaları”nı qəbul etməyə hazırlaşır.

Məlumata görə, Aİ institutları ilə üzv ölkələr arasında razılaşdırılması gözlənilən yeni qaydalar qeyri-qanuni miqrantların təkcə gəldikləri ölkələrə deyil, onlarla heç bir əlaqəsi olmayan üçüncü ölkələrə də göndərilməsinə imkan yaradacaq. Bunun üçün həmin ölkələrlə ikitərəfli sazişlərin bağlanması və “geri dönüş mərkəzləri”nin yaradılması nəzərdə tutulur.

İnsan hüquqları müdafiəçiləri bu təşəbbüsü son illərin ən sərt və mübahisəli miqrasiya siyasətlərindən biri kimi qiymətləndirirlər. Onların fikrincə, yeni mexanizm Avropanın miqrasiya problemini həll etməkdən daha çox məsuliyyəti digər ölkələrin üzərinə yönəltməyə xidmət edir.

Yeni qaydalara əsasən, ailələrin və uşaqların da Avropa hüdudlarından kənardakı mərkəzlərə göndərilməsi mümkün olacaq. Yalnız müşayiətsiz azyaşlılar bu tətbiqdən kənarda saxlanılacaq. Eyni zamanda, qeyri-qanuni miqrantların saxlanılma müddətinin altı aydan iki ilə qədər artırılması nəzərdə tutulur. Təhlükəsizlik riski hesab edilən şəxslər üçün isə maksimum müddət müəyyən edilməyəcək.

Layihədə Aİ ölkələrinin qeyri-qanuni miqrantların yaşadığı evlərdə və digər məkanlarda axtarış aparmasına imkan verən müddəalar da yer alıb. İnsan hüquqları təşkilatları bunun ayrı-seçkilik və əsas hüquqların pozulması riskini artırdığını bildirirlər.

250-dən çox qeyri-hökumət təşkilatı sənədin geri götürülməsinə çağırış edib. Equinox İrqi Ədalət Təşəbbüsünün direktoru Sarah Chander bildirib ki, yeni qaydalar xaricdə saxlanma mərkəzlərini, etnik profilləşdirməni və uşaqların nəzarət altında tutulmasını legitimləşdirə bilər.

Mütəxəssislər qeyd edirlər ki, son iki ildə qeyri-qanuni miqrasiya axınında azalma müşahidə olunsa da, Aİ-nin daha sərt tədbirlərə üstünlük verməsi Avropada ifrat sağçı siyasi qüvvələrin artan təsiri ilə əlaqələndirilir.

Brüsseldə keçirilən son danışıqlardan sonra sənədin Avropa Parlamenti və üzv dövlətlər tərəfindən rəsmi şəkildə təsdiqlənəcəyi gözlənilir.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-li analitikdən Türk Dövlətləri Təşkilatına dəstək çağırışı

Aynur Camal

UNESCO irsi olan kəndi qoyunlar “ələ keçirdi” – təcili çoban axtarılır

Aynur Camal

Çində göydə uzanan nəhəng bina: “Kristal” mühəndislik sərhədlərini aşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu