Avropa Birliyi Türkiyə ilə bağlı səsləndirilən mübahisəli fikirlərdən sonra geri addım atıb. Ursula von der Leyen-in Türkiyəni “rəqib təsirlər” kontekstində qeyd etməsi diplomatik narazılıq doğurduqdan sonra Brüssel yeni izahat vermək məcburiyyətində qalıb.
Aİ Komissiyasının sözçüsü Paula Pinho açıqlamasında bildirib ki, von der Leyen-in sözləri kontekstdən çıxarılıb. Onun sözlərinə görə, Türkiyə regionda mühüm rol oynayan namizəd ölkədir və bu təsir Aİ tərəfindən nəzərə alınır.
Pinho qeyd edib ki, Türkiyəyə edilən istinad əslində Qərbi Balkanlar kontekstində səsləndirilib və məqsəd ölkəni digər dövlətlərlə müqayisə etmək olmayıb. Bununla yanaşı vurğulanıb ki, Türkiyədən Aİ dəyərlərinə uyğun hərəkət etməsi gözlənilir.
Bundan əvvəl Ursula von der Leyen Almaniyanın Die Zeit qəzetinin tədbirində çıxışı zamanı Avropanın “Rusiya, Türkiyə və ya Çin təsirinə düşməməsi” lazım olduğunu demişdi. Bu ifadələr həm Aİ daxilində, həm də diplomatik çevrələrdə geniş müzakirələrə səbəb olmuşdu.
Son açıqlamada isə Aİ tərəfi Türkiyənin regionda iqtisadi və siyasi baxımdan mühüm tərəfdaş olduğunu, həmçinin NATO üzvü və Aİ-yə namizəd ölkə kimi strateji əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.
Mənbə: Ensonhaber
