Bugun.tv xəbər verir ki, payız aylarında soyuqdəymə və digər virus infeksiyalarına yoluxma riski artır. Günlərin qısalması, havanın soyuması, quru hava və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi orqanizmin müdafiə sisteminə əlavə yük yarada bilər. Perm Politex Universitetinin baş elmi əməkdaşı, tibb elmləri namizədi Valeri Litvinov “Nauka Mail”a payız mövsümünə sağlam hazırlaşmağın yollarını açıqlayıb.
Mütəxəssis ilk növbədə immunostimulyator və vitaminləri özbaşına qəbul etmək əvəzinə, orqanizmin vəziyyətini yoxlatmağı məsləhət görür. Onun sözlərinə görə, ümumi qan analizi, biokimyəvi müayinələr və mikroelementlərin səviyyəsinin müəyyənləşdirilməsi mümkün çatışmazlıqları üzə çıxara bilər.
Alim həmçinin xroniki infeksiya ocaqlarının müalicəsini, balanslı qidalanmanı və mövsümi peyvəndləri vacib hesab edir. Evdə rütubətin 40–60 faiz səviyyəsində saxlanılması, gündə 7–9 saat yatmaq və səhərlər kifayət qədər işıq almaq da tövsiyə olunur. Bundan əlavə, stressi azaltmaq və gündə təxminən 30 dəqiqə fiziki aktiv olmaq immun sisteminin normal fəaliyyətini dəstəkləyə bilər.
Mənbə: Nauka Mail
