Bugun.tv xəbər verir ki, ABŞ-da alimlər depressiyanın erkən diaqnostikası üçün xüsusi kompüter oyunu hazırlayıblar.
“NYU Langone Health” tibb mərkəzinin mütəxəssisləri tərəfindən yaradılan bu oyun smartfon vasitəsilə cəmi üç dəqiqə ərzində istifadəçinin psixoloji vəziyyətini qiymətləndirməyə imkan verir.
Məlumata görə, yeni sistemin nəticələri ənənəvi klinik testlərlə müqayisə edilə biləcək dəqiqlik nümayiş etdirib. Oyunun əsas məqsədi depressiyanın ən geniş yayılmış əlamətlərindən biri hesab olunan “anhedoniya”nı – yəni insanın əvvəl zövq aldığı fəaliyyətlərdən artıq həzz ala bilməməsini müəyyən etməkdir.
Araşdırmada 120 nəfər iştirak edib. Onlardan 50 nəfərində ağır depressiya diaqnozu qoyulub, 70 nəfər isə sağlam insanlar olub. Oyunda iştirakçılar virtual ağaclardan düşən almaları toplamalı olublar. Müşahidələr göstərib ki, depressiyadan əziyyət çəkən şəxslər məhsuldarlıq azalanda oyunu daha tez yarımçıq qoyurlar.
Alimlər hesab edir ki, bu texnologiya gələcəkdə depressiyanın uzaqdan və daha sürətli diaqnostikasına kömək edə bilər. Yeni metodun insanlara tez-tez klinikaya müraciət etmədən psixoloji vəziyyətlərini izləmək imkanı yaradacağı bildirilir.
Mənbə: mail.ru
