Bugun.tv xəbər verir ki, isti yoqa məşqləri depressiya əlamətlərinin yüngülləşməsinə kömək edə bilər. Bu nəticə Journal of Affective Disorders jurnalında dərc olunan araşdırmada yer alıb.
Tədqiqatda orta və ağır dərəcəli depressiyadan əziyyət çəkən 80 yetkin şəxs iştirak edib. Onlar səkkiz həftə ərzində isti yoqa proqramına cəlb olunublar. Məşqlər 90 dəqiqə davam edib və zalın temperaturu 35–40 dərəcə arasında saxlanılıb. İştirakçılara həftədə ən azı iki dəfə məşq etmək tövsiyə olunub.
Araşdırmanın nəticələrinə görə, hər əlavə məşq depressiya əlamətlərinin klinik qiymətləndirmə şkalasında orta hesabla 0,72 bal azalmasına səbəb olub. Ümumilikdə iştirakçıların depressiya göstəricisi orta hesabla 13,88 bal aşağı düşüb.
Alimlər bildiriblər ki, müşahidə olunan müsbət təsir iştirakçıların yaşı, cinsi, təhsil səviyyəsi və ya antidepressant qəbul edib-etməməsindən asılı olmayıb. Hətta dərman müalicəsi alan şəxslərdə də isti yoqanın təsiri digər iştirakçılarla demək olar ki, eyni olub.
Tədqiqat müəllifləri hesab edirlər ki, isti yoqa depressiyanın standart müalicəsini əvəz etməsə də, onu tamamlayan əlavə üsul kimi faydalı ola bilər.
Mənbə: mail.ru

