Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsi öncəsi liderlərin qarşılanması üçün hazırlıq işləri yekunlaşmaq üzrədir.
Bugun.tv xəbər verir ki, iyulun 7–8-də keçiriləcək NATO Zirvəsi çərçivəsində Ankara Hava Limanında dövlət və hökumət başçılarının qarşılanması üçün son təşkilati işlər həyata keçirilib.
Məlumata görə, NATO-ya üzv 32 ölkənin liderləri Türkiyənin ev sahibliyi ilə keçiriləcək sammitdə iştirak edəcəklər. Liderlərin qarşılanma mərasimləri xüsusi protokol qaydalarına uyğun hazırlanıb və yüksək səviyyəli dövlət rəsmiləri tərəfindən həyata keçiriləcək.
Zirvə ərəfəsində paytaxtda təhlükəsizlik tədbirləri də gücləndirilib. Toplantının keçiriləcəyi məkanlar, hava limanı, rəsmi nümayəndə heyətlərinin hərəkət marşrutları və yerləşəcəkləri hotellər ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb.
Xarici nümayəndə heyətlərinin qalacağı hotellərin yerləşdiyi ərazilərə əlavə polis qüvvələri cəlb olunub, bir sıra küçələrdə təhlükəsizlik baryerləri quraşdırılıb və nəzarət-keçid məntəqələri yaradılıb.
Qeyd edək ki, Türkiyə NATO Zirvəsinə 22 ildən sonra yenidən ev sahibliyi edir. Sammitdə alyansın təhlükəsizlik strategiyası, müdafiə xərcləri və regional təhlükəsizlik məsələlərinin əsas müzakirə mövzuları olacağı gözlənilir.
Mənbə: EnSonHaber

