Digər

Araşdırma: Arılar həqiqətən sayma qabiliyyətinə malikdir

Elmi dünyada uzun müddətdir müzakirə olunan “arılar sayır, yoxsa sadəcə vizual fərqləri ayırd edir?” sualına yeni tədqiqat aydınlıq gətirib. Araşdırma göstərir ki, arılar yalnız vizual illüziyalarla kifayətlənmir, eyni zamanda say anlayışını da qavraya bilir.

Tədqiqat Trento Universitetindən nevroalim Mirko ZanonMonash Universitetindən zooloq Scarlett Howard rəhbərliyində aparılıb. Alimlər bu dəfə arıların davranışını insan baxış bucağından deyil, onların öz görmə və qavrama xüsusiyyətlərinə uyğun şəkildə analiz ediblər.

Əvvəlki təcrübələrdə arılara müəyyən saylarla əlaqələndirilmiş simvollar öyrədilmiş, daha sonra isə müxtəlif sayda fiqurlar olan kartlarla sınaqdan keçirilmişdi. Arılar təlim mərhələsində yüksək nəticə göstərsə də, bəzi tədqiqatçılar bunun sayma deyil, sadəcə daha “dolğun” və ya “mürəkkəb” görünən şəkilləri seçməkdən qaynaqlandığını iddia edirdi.

Yeni araşdırmada isə bu tənqidlər nəzərə alınaraq vizual materiallar arıların görmə qabiliyyətinə uyğun riyazi model əsasında yenidən qiymətləndirilib. Nəticələr göstərib ki, daha çox obyekt olan təsvirlər arılar üçün mütləq daha mürəkkəb görünmür. Bu isə onların seçimlərini sadəcə vizual fərqlərlə izah etməyin mümkün olmadığını ortaya qoyur.

Alimlər belə qənaətə gəlib ki, arılar birbaşa say miqdarına reaksiya verir və bu, onların elementar sayma qabiliyyətinə malik olduğunu göstərir. Tədqiqatın nəticələri Proceedings of the Royal Society B jurnalında dərc olunub.

Bu kəşf göstərir ki, heyvanların intellektini qiymətləndirərkən yalnız insan prizmasından yanaşmaq kifayət deyil – onların dünyanı necə gördüyünü və necə qavradığını anlamaq həlledici rol oynayır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Netanyahu Türkiyəyə F-35 verilməsinin qarşısını almağa çalışır

Aynur Camal

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu