Yeni beynəlxalq elmi araşdırma kannabis istifadəsi ilə psixozun daha erkən yaşlarda başlaması arasında əlaqə olduğunu ortaya qoyub. Tədqiqatçılar bu əlaqənin yaş artdıqca daha nəzərəçarpan hala gəldiyini bildirirlər.
Bugun.tv xəbər verir ki, bu barədə “ScienceDaily” noyabrın 24-də Avstraliyanın Yeni Cənubi Uels Universitetinin (UNSW Sydney) araşdırmasına istinadən məlumat yayıb.
Tədqiqatçılar ümumilikdə 71 mindən çox insanı əhatə edən 149 elmi araşdırmanın nəticələrini təhlil ediblər. Nəticələrə əsasən, kannabis istifadə edən şəxslərdə psixozun ilk epizodu istifadə etməyənlərlə müqayisədə orta hesabla 2,5 il daha erkən baş verib.
Yaş qrupları üzrə fərq daha da diqqət çəkib. Psixozun 20–24 yaşlarında başladığı araşdırmalarda bu fərq 1,6 il, 25–29 yaş qrupunda 4,43 il, 30 yaş və yuxarı şəxslərdə isə 6,3 il təşkil edib.
Alimlər risklərin yalnız yeniyetməlik dövrü ilə məhdudlaşmadığını bildirirlər
Araşdırmanın aparıcı müəlliflərindən Karli Stivens və tədqiqat rəhbəri, professor Metyu Larc hesab edirlər ki, nəticələr kannabis istifadəsinin mümkün psixi sağlamlıq risklərinə yetkinlik dövründə də diqqət yetirilməsinin vacibliyini göstərir.
Bununla belə, alimlər vurğulayırlar ki, təhlil birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Tədqiqat mövcud müşahidə araşdırmalarının nəticələrinə əsaslanır.
Mənbə: ScienceDaily
