Bugun.tv xəbər verir ki, yeni elmi araşdırma qidalanma saatlarının müəyyən zaman çərçivəsi ilə məhdudlaşdırılmasının yaşlı insanlarda idrak funksiyalarının zəifləməsini yavaşlada biləcəyini göstərib. Tədqiqatın nəticələri ABŞ-da keçirilən Nutrition 2026 elmi toplantısında təqdim olunub.
Araşdırma ABŞ-ın Rutgers Universitetinin professoru Syu Şapsesin rəhbərliyi ilə aparılıb. Tədqiqatda yaşı 50–79 arasında olan, artıq çəkidən əziyyət çəkən və ya piylənməsi olan 51 qadın iştirak edib. İştirakçılar altı ay ərzində gündəlik qəbul etdikləri kalorinin miqdarını azaldıblar. Onların bir qrupu qidalarını təxminən 8–9 saatlıq zaman intervalında qəbul edib və yatmazdan ən azı dörd saat əvvəl yemək yeməyib. Digər qrup isə qidalanmanı təxminən 12 saat ərzində davam etdirib.
Araşdırmanın sonunda hər iki qrup orta hesabla eyni miqdarda çəki itirsə də, qidalanma vaxtını məhdudlaşdıran iştirakçılar məkan düşüncəsi, planlaşdırma və problem həll etmə bacarıqlarını ölçən testlərdə daha yüksək nəticə göstəriblər. Yaddaş göstəricilərində də müsbət dəyişiklik müşahidə olunsa da, bunun statistik baxımdan tam təsdiqlənməsi üçün daha geniş tədqiqatlara ehtiyac olduğu bildirilib.
Mütəxəssislər hesab edirlər ki, qidalanmanın bioloji saatla uyğunlaşdırılması maddələr mübadiləsini yaxşılaşdıra, iltihabı azalda və beyin sağlamlığını dəstəkləyə bilər. Bununla belə, alimlər bu nəticələrin ilkin xarakter daşıdığını və qidalanma rejimini dəyişməzdən əvvəl həkimlə məsləhətləşməyin vacibliyini vurğulayırlar.
Mənbə: The Guardian
