Bugun.tv xəbər verir ki, Çinin cənub-şərqində yerləşən Fujian əyalətinin Cinciyan (Jinjiang) şəhərində ayaqqabı istehsalı fabrikində baş verən güclü yanğın nəticəsində ilkin məlumata görə, azı 28 nəfər həyatını itirib.
Çinin dövlət xəbər agentliyi Xinhuanın məlumatına əsasən, yanğın qısa müddətdə fabrikin böyük hissəsini əhatə edib. Hadisə yerindən yayılan görüntülərdə binadan qalın qara tüstünün və alovun yüksəldiyi, bəzi işçilərin isə binanın damında köməksiz vəziyyətdə qaldığı əks olunub.
Çin Prezidenti Si Cinpin hadisənin çoxsaylı insan itkisinə səbəb olduğunu bildirərək, aidiyyəti qurumlara axtarış-xilasetmə işlərinin sürətləndirilməsi, yaralılara lazımi tibbi yardım göstərilməsi və yanğının səbəblərinin operativ şəkildə araşdırılması barədə göstəriş verib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğının söndürülməsi və xilasetmə əməliyyatlarına 35 yanğınsöndürən və xilasetmə texnikası, eləcə də 180-dən çox əməkdaş cəlb olunub. Hazırda alov tam nəzarət altına alınıb.
Fujian əyalətinin Cinciyan şəhəri ayaqqabı sənayesinin əsas mərkəzlərindən biri hesab olunur və bu səbəbdən “Çinin ayaqqabı paytaxtı” kimi tanınır. Hüquq-mühafizə orqanları yanğının başvermə səbəbini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırmaya başlayıb.
Mənbə: İLKHA

